Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

21:23 8 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 8-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, Milad bayramının Azərbaycanda yüksək səviyyədə keçirildiyini, bu bayramda hazırda müasir dünyamız üçün mühüm aktuallıq kəsb edən sülhə çağırışın olduğunu vurğulayıb.
Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu bildirən arxiyepiskop deyib ki, multikulturalizm ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlamasını yüksək qiymətləndirən Aleksandr ölkəmizdə tolerantlığın yaşayış tərzi olduğunu vurğulayıb. O, Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanların sülh şəraitində yaşadıqlarını bir daha diqqətə çatdırıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.
Təbrik məktubunda qeyd edilir ki, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdiriblər. Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi dövlət siyasətinin başlıca məqsədlərindəndir.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təbrik məktubu oxunub.
Tədbirdə Dədə Qorqud Fondunun rəhbəri, “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov bildirib ki, Dədə Qorqud Fondu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopunu “Vətən övladı” ordeni ilə təltif edib. O, ordeni arxiyepiskop Aleksandra təqdim edib.
Daha sonra Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov mərkəzlə əməkdaşlıqda göstərdiyi fəallığa görə Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevə Fəxri fərman təqdim edib.
Sonda Moskva və bütün Rusiya Patriarxının qərarı əsasında “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanova Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Şöhrət” və “Şərəf” medalı təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Milad_bayrami_munasibetile_qebul_teskil_edilib-917094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR