Hikmət Cavadov: Ukraynada hərbi münaqişə zonasında qalan azərbaycanlılar var

16:58 30 Dekabr 2014
101 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Ukraynada hərbi münaqişə zonasında dəqiq nə qədər azərbaycanlının olduğunu söyləmək mümkün deyil. Trend xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov Bakıda jurnalistlərə açıqlamasında deyib.

H.Cavadovun sözlərinə görə, Ukraynanın Donetsk və Luqansk vilayətlərində gedən hərbi münaqişə öz təsirini həm azərbaycanlılara, həm də Ukraynada yaşayan digər insanlara göstərir: “Həmin bölgələrdə yaşayan azərbaycanlıların çoxu Ukraynanın digər şəhərlərinə köçürlər. Bu o demək deyil ki, Donetsk və Luqanskdakı azərbaycanlıların hamısı oradan köçüb. Orada yaşayanlar da var. Mütəmadi olaraq onlarla əlaqə saxlayırıq. Onların orada normal yaşayışını təmin etmək üçün əlimizdən gələni edirik”.

Diaspor rəhbəri qeyd edib ki, Azərbaycan diasporu Ukraynada sayına görə ruslardan sonra təşkilatlanan ikinci ən böyük diaspordur. Ukraynada Azərbaycan dövlətinin və hölumətinin apardığı siyasətlə paralel olaraq diaspor təşkilatları tərəfindən də fəaliyyətlər davam edir. Bu təşkilatların inkişafı son dövrlər həyata keçirilən layihələrdə özünü göstərir: “Ukraynada yeni hökumət fəaliyyət göstərir. Ukrayna parlamentində sıx əlaqədə olduğumuz deputatlar var. Biz o deputatlarla bərabər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, o cümlədən azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması ilə bağlı məsələlərin Ukrayna parlamentində qaldırılması üzərində çalışırıq. Bundan əlavə, bununla bağlı beynəlxalq təşkilatlara da Azərbaycan diaspor təşkilatlarının adından təklif və etiraz məktublarımızı göndəririk”.

H.Cavadov əlavə edib ki, bu günlərdə bütün dünyada olduğu kimi, Ukraynada da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR