Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın xatirəsi yad edilib

Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın xatirəsi yad edilib
18:08 9 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) və Fransızdilli "Yol qovşağı" (Le Carrefour) qəzetinin bir qrup əməkdaşı yanvarın 9-da Şəhidlər Xiyabanına gələrək jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, şəhid jurnalistin ruhuna dualar oxunub, məzarı önünə tər qərənfillər düzülüb.
AJQA-nın prezidenti Sevil Yusifova bildirib ki, 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın vəfatından 25 il ötür.
S.Yusifova vəfatından sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş bu igid jurnalistin keçdiyi həyat və döyüş yolunun gənclərə, xüsusən gənc jurnalistlərə tanıdılmasının çox vacib olduğunu söyləyib.
Həmin dövrdə cəbhə bölgələrində jurnalist kimi fəaliyyət göstərən, “Salatın Əsgərova mükafatı”na layiq görülmüş jurnalist Əntiqə Qonaq ilk dəfə bu mükafatın məhz ona təqdim olunmasını xatırladaraq, hər zaman bu adla fəxr duyduğunu bildirib.
Fransızdilli " Yol qovşağı" qəzetinin təsisçisi və baş redaktoru Zeynab Kazımova, şair-publisist Z.D.Qayalı, “Xalq qəzeti”nin əməkdaşı Zərifə Rəşidqızı və başqaları "Молодежь Азербайджана" qəzetinin müxbiri olan Salatın Əsgərovanın cəbhə bölgələrinə səfərləri zamanı operativ və obyektiv xəbərləri, Azərbaycan, Qarabağ həqiqətlərini dünyaya yaydığını vurğulayıblar.
Bildirilib ki, Salatın Əsgərova Qarabağ müharibəsi haqqında həqiqətin üzə çıxmasına, dünya ictimaiyyətinə obyektiv məlumatların çatdırılmasına çalışıb.
Çıxış edənlər peşə fəaliyyətini həyata keçirərkən düşmən gülləsinə tuş gələn Salatın Əsgərovanın heç vaxt unudulmayacağını vurğulayıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Milli_Qehremani_Salatin_Asgerovanin_xatiresi_yad_edilib-917221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR