Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı
18:33 9 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan diasporunu hədəf seçən, onun nüfuzunu zədələməyə yönəlmiş, az qala bütün diaspor təşkilatlarını fəaliyyətsiz, səmərəsiz qurumlar kimi təqdim edən təşəbbüslərin çoxalması müşahidə edilməkdədir. Artıq sistemli xarakter almış bu tendensiya xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında da ciddi narahatlıq doğurur. Təəssüf hissi ilə qeyd edirik ki, əksər hallarda yoxlanılmamış informasiyalar əsasında hazırlanan bu yazılar diaspor işinə könüllü olaraq qoşulmuş, öz doğma Vətəninə səmimiyyətlə xidmət etməyə çalışan minlərlə soydaşımızın bu günə qədər Azərbaycan üçün göstərdiyi təmənnasız xidmətlərə kölgə salmaq niyyətini əks etdirir. Bir daha vurğulamağı vacib bilirik ki, kütləvi informasiya vasitələri Azərbaycan diaspor təşkilatları barədə hər hansı məlumatı yayarkən onun dəqiqliyini yoxlamalı, xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin bu cür ittihamlara kifayət qədər həssas olduğunu unutmamalıdır. 
Təbii ki, biz diasporun fəaliyyətində mövcud olan nöqsanların ictimailəşdirilməsinin əleyhinə deyilik. Dünyanın ən güclü diasporlarının da fəaliyyətində nöqsanlar, çatışmazlıqlar, fikir ayrılıqları olur və bütün bunları normal qarşılamaq lazımdır. Lakin bu cür informasiyalar dəqiq, qərəzsiz və yoxlanılmış məlumatlara əsaslanmalıdır. Əks halda, belə yanaşmalar nəinki soydaşlarımızı incik sala, könüllü vətənpərvərlik işi olan diaspor fəaliyyətindən uzaqlaşdıra, həm də Azərbaycan dövlətinin milli maraqlarına zərbə vura bilər.
Diaspor canlı bir orqanizmdir, öz ətrafında yüz minlərlə insanı birləşdirir. Hər bir insanın dünyagörüşü, hadisə və proseslərə baxışı individual xarakter daşıyır. Bu baxımdan diaspor təşkilatlarını müxtəlif məsələlərə yanaşmasında fərqliliklərin olması təbiidir. Bəzi hallarda, əksinə, bu cür fərqliliklər daha optimal həll yollarının tapılmasına imkan yaradır, diaspor təşkilatları arasında Azərbaycana daha yaxşı xidmət etmək uğrunda səmərəli rəqabət mühiti formalaşdırır.
Son günlər bəzi kütləvi informasiya vasitələrində yayılmış materiallarda diasporumuzun nüfuzuna xələl gətirmək, Azərbaycanın bir sıra tərəfdaş dövlətlərlə münasibətlərini süni olaraq gərginləşdirmək, mövcud qarşılıqlı inam və etimadı zədələmək niyyəti açıq-aydın nəzərə çarpmaqdadır. Bugünkü şərtlərdə müzakirə edilməsi perspektivi belə şübhə doğuran bir sıra tanınmış siyasi təhlilçilərinin, dövlət və siyasət adamlarının da doğru hesab etmədiyi mövzular ətrafında bu qədər süni, heç bir real faktlara əsaslanmadan konkret ittihamlar üzərində qurulmuş bir kampaniyanın təşkilinin məqsədini başqa cür izah etmək mümkün deyil.
Bütün bunlar baş verənlərin kənardan idarə olunan və Azərbaycanın dövlət maraqlarını zərbə altında qoymağa hesablanmış bir proses olduğunu düşünmək üçün ciddi əsaslar yaradır. Aydın şəkildə nəzərə çarpır ki, burada əsas hədəf Azərbaycan diasporu deyil, məhz Azərbaycan dövlətinin milli maraqlarıdır. Buna görə də biz, bu kampaniyaya bilməyərəkdən qoşulduğuna şübhə etmədiyimiz bütün kütləvi informasiya vasitələrini diqqətli, eyni zamanda məsuliyyətli olmağa dəvət edirik. Əminik ki, Azərbaycan dövlətinin və xalqının milli maraqları hər bir vətəndaşımız, o cümlədən KİV nümayəndələri üçün peşəkar maraqlardan qat-qat yüksəkdə dayanır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Diasporla_Is_uzre_Dovlet_Komitesinin_melumati-917236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR