Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Yanvar
20:09 9 Yanvar 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

"Neft niyə ucuzlaşır" sualı "Qadınlar nə düşünür" sualına bənzəyir, hər iki sualın cavabını heç kim bilmir, hamı yalnız təxmin edir. Təbii ki, prosesdə obyektiv səbəblər də var. Qiymətlərin ucuzlaşmasına ABŞ-ın kommersiya neft ehtiyatlarının artması, 40 illik fasilədən sonra dünya bazarına neft idxalına başlaması, İrana qarşı embarqonun ləğvi, Çin iqtisadiyyatında davam edən durğunluq, OPEK-in hasilatı əvvəlki səviyyədə saxlaması, OPEK ölkələrinin, məsələn İraqın kvotaya riayət etməməsi kimi amillər təsir göstərir. Üstəlik neft sənayesi texnologiyalarının sürətli inkişafı geoloji kəşfiyyat prosesini təkmilləşdirməyə imkan verib, nəticədə dünyanın bir çox ölkələrində yeni zəngin  yataqlar kəşf edilir. O yataqlarda hasilat başlamasa belə, elə kəşfin özü psixoloji amil kimi bazarda qiymətlərin enməsinə təsirsiz ötüşmür. Digər tərəfdən dünyanın daha ucuz enerjiyə can atması, alternativ enerji mənbələrindən istifadənin genişlənməsi avtomatik olaraq neftə olan tələbatı qismən azaldır. Bunlar obyektiv faktorlardır, amma bu faktorlar belə yenə də neftin qiymətlərinin bu dərəcədə sürətlə enməsinə təsir göstərə bilməz. Bu səbəbdən neft qiymətləri ilə bağlı dünya miqyaslı spekulyasiyanın olduğunu düşünənlərin sayı artmaqdadır. Çünki neftin qiymətlərinin son illər 5 dəfə ucuzlaşması normal iqtisadi proseslərin təsiri ola bilməz. Belə görünür ki, dünyada Amerikanın Rusiyanı zəiflətməsi, Çinin qiymətlərin bahalaşmasını istəməməsi fonunda böyük geosiyasi oyunlar gedir. Bir həftə əvvələ qədər bu kimi iddialar inandırıcı görünməsə də, ABŞ Fond Birjasında baş verənlər komplo teoriləri tərəfdarlarının sayını artırdı. Corc Sorosun "dünyanı yeni qlobal böhran gözləyir" açıqlamasından bir gün sonra ABŞ-ın əsas indekslərinin antirekord müəyyənləşdirməsi, birdən-birə 5 faiz aşağı düşməsi göstərdi ki, qlobal miqyaslı spekulyasiyaların həyata keçirilməsi mümkündür. Maraqlı məqam odur ki, Dow Jones indeksinin aşağı düşməsi yenə məntiqlə, yenə iqtisadi qanunauyğunluqlara görə neftin qiymətini bahalaşdırmalı idi. Düzdür, qısa müddətə olsa da, neft 1 dollaradək bahalaşdı. Və cəmi bir gün... Fond birjalarında çöküş davam etsə də, neftin qiyməti yenidən bahalaşmaq əvəzinə, ucuzlaşır. Demək ki, böyük güclər dünya siyasətində və iqtisadiyyatında hegemon mövqelərini hələ də qoruyub saxlayırlar. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR