Azərbaycan üçün yeni tələ

Azərbaycan üçün yeni tələ
00:36 10 Yanvar 2016
94 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya nəqliyyat naziri Maksim Sokolov və Ermənistan baş naziri Ovik Abramyan İran - Ermənistan dəmir yolunun çəkilməsi məsələsini müzakirə ediblər.

ANS PRESS-in məlumatına görə, görüş barədə yayılmış mətbuat açıqlamasında bildirilib ki, Rusiya tərəfi bu dəmir yolunun tikilməsinin vacibliyini vurğulayır və layihədə mümkün iştirak variantını müzakirə etməyə hazır olduğunu bəyan edir.

İran-Ermənistan dəmir yolunun tikintisi barədə ilk dəfə 2008-ci ildə yeni prezident seçilmiş Serj Sarkisyan parlamentə müraciətində bildirmişdi. Ermənistan prezidenti artıq iri layihələrə sərmayə yatırmağın vaxtı çadığını söyləmişdi.

Erməni mətbuatı o vaxt bu məsələyə xüsusi ümidlə baxırdı - layihə blokadada qalmış və bütün regional layihələri əlindən buraxmış Ermənistana nəfəs verməli idi. Ermənilər Gürcüstanla İran arasında tranzit ölkə rolunu oynayıb pul qazanmaq barədə böyük xəyallar qururdular. Amma bu arzuları baş tutmadı, çünki İran layihənin gerçəkləşdirilməsi üçün lazım olan 3 milyard dolları layihəyə pul yatırmaq istəyi olan sərmayəçi tapmadığını vurğuladı.

Cənubi Qafqazın və İranın mövcu dəmir yolları



Amma məsələ indi gündəmə gəlib və İran tərəfi də, Rusiya tərəfi də layihəni gerçəkləşdirməkdə maraqlı ola bilərlər. Çünki Rusiyanın SU-24 bombardmançı təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Kreml ölkəsinə gələn türk meyvə-tərəvəzinin yerini İran malları ilə doldurmaq istəyir. Buna görə layihəyə dəstək verə bilər. Bu isə Qarabağı işğal etmiş Ermənistanla müharibədə Azərbaycanın İrəvana təsir rıçaqlarından birini itirməsi deməkdir.

“Həyat” Humanitar Dəstək İctimai Birliyinin rəhbəri, yol infrastrukturu üzrə mütəxəssis Azər Allahverənov ANS PRESS-ə müsahibəsində bu məsələ ilə bağlı təlaşa düşməməyi məsləhət görüb: “Bu məsələni gündəmə gətirməklə Rusiya sadəcə olaraq Türkiyə ilə yaranmış münaqişəni daha da gərginləşdirmək üçün Ermənistana dəstək ifadə edir. Həmçinin bu, Səudiyyə Ərəbistanı ilə münasibətləri pozulmuş İrana da dəstək deməkdir. Amma reallıqda Rusiyanın bu cür çətin başa gələn və perspektivsiz layihəyə sərmayə yatıracağına inanmaq lazım deyil”.


Azər Allahverənov - “Həyat” Humanitar Dəstək İctimai Birliyinin rəhbəri

Azər Allahverənov fikrini Ermənistanın dəmir yolu çəkilməsi üçün əlverişsiz təbii-coğrafi relyefə malik olması ilə izah edir: “Əgər Ermənistandan İrana dəmir yolu çəkmək mümkün olsa idi, sovet vaxtı çəkərdilər. Hətta Bakıdan Naxçıvana dəmir yolu çəkilməsi zamanı müxtəlif variantlar nəzərdən keçirilmiş, dəmir yolunun Qafandan və ya Sisyandan keçməklə çəkilməsi variantlarına baxılmışdı. Amma mühəndislər bunu mümkünsüz saymış və Naxçıvana dəmir yolunun yalnız Araz çayına paralel olan tarixi köç yolu ilə çəkilməsindən başqa variant olmadığını vurğulamışdılar. Bu yolu çəksələr belə, onu istismar etmək rentabelli olmayacaq. Əslində, Ermənistandan İrana hətta avtomobil yolunun çəkilməsi belə rentabelli deyil”.

Bu fikir Ermənistan ekspertləri tərəfindən də vurğulanır və buna görə də dəmir yolu layihəsi barədə deyilənlər “Rusiyanın böyük blefi” adlandırılır. “Bizdə belə bir iri layihə - Şimal-Cənub avtomagistralı artıq gerçəkləşdirilir. Bu layihə Ermənistanda koorupsiya riskini və xarici borcu artıran mənbəyə çevrilib. Layihənin uğursuz olmasının ən bariz sübutu planlaşdırılan 559 kilometrdən yalnız 31 kilometrinin hazır olmasıdır. Görəsən, bu cür templərlə dəmir yolunu tikməyə neçə il lazım gələcək?” - deyə erməni şərhçi Akop Badalyan əsası 2010-cu ildə qoyulmuş Şimal-Cənub avtomagistralını yada salır.

Amma istənilən halda, şərhçilərin bu nəticələri nə qədər tutarlı olsa da, Rusiya rəhbərliyinin analoqu olmayan məntiqindən hər şey gözlənilə bilər. İndiyə kimi Moskva Ermənistanda bu cür bir neçə layihə həyata keçirib. Məsələn, götürək on illərlə tikilmiş və 1981-ci ildə istifadəyə verilmiş Arpa-Sevan su tunelini - həmin illərin məzənnəsi ilə milyardlarla dollar xərclənərək dağların altından keçirilmiş 48 kilometrlik tunel sadəcə Göyçə (Sevan) gölünün səviyyəsini saxlamağa xidmət edib. Halbuki, gölün suyunu ifrat işlədən və onu qurudan işlədən Ararat vadisinə Arpa çayından suyu çox-çox az xərclə və çox sürətlə aparmaq olardı. Amma Moskva səbəbi bilinməyən məqsədlə SSRİ-nin ən çox pul aparan layihələrindən biri olan Arpa-Sevan tunelinə üstünlük verdi.


Arpa-Sevan su tuneli

Buna görə Azərbaycan da ehtiyatlı olmalıdır və strateji müttəfiqi olan Rusiyanı bu addımdan çəkindirməlidir. Rusiya İrandan dəmir yolu mal almaq istəyirsə, on dəfə ucuz başa gələn Astara-Rəşt dəmir yolunun tikintisinə yardım edə bilər. Hər halda, İran dəmir yolu ilə Azərbaycanı və uyğun olaraq Rusiyanı birləşdirmək üçün bu sahinənin tikilməsi barədə sazişə Moskva hələ 1999-cu ildə imza atıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR