Üzeyir Hacıbəylinin Koroğlu operası - Mersin teatrında

Üzeyir Hacıbəylinin Koroğlu operası - Mersin teatrında
05:34 10 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə Dövlət Opera və Balet Teatrı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə yanvarın 9-da Mersin Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Koroğlu operasının premyerası keçirilib.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, səfirliyin əməkdaşları, Mersin vilayətinin valisi Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri iştirak ediblər.

 

Tamaşadan əvvəl səfir Faiq Bağırov və Türkiyə Dövlət Opera Balet Baş İdarəsinin müdiri Selman Ada Ü.Hacıbəylinin 130 illik yubileyi münasibətilə Koroğlu operasının Mersin Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmasının əhəmiyyətindən danışıblar. Koroğlu Operasının Azərbaycan musiqi mədəniyyətindəki yeri haqqında söhbət açan səfir Faiq Bağırov, bu ölməz əsərin eyni zamanda bütün türk dünyasını birləşdirən dəyərlərimizdən olduğunu vurğulayıb.  Qeyd edilib ki, səfirliyin təşəbbüsü ilə 2015-2016-cı sənət ilində Mersin Dövlət Opera və Balet Teatrının repertuarına salınmış Koroğlu operası sonradan TÜRKSOY-un da daxil edilməsiylə bütün türk dünyasının ortaq layihəsinə çevrilib. Bu da müştərək türk tarixi və ədəbiyyatında mövcud olan “Koroğlu” dastanının birləşdirici rolu ilə üst-üstə düşməkdədir.

 

Rəsmi hissədən sonra tamaşa təqdim olunub. Azərbaycanlı rejissor Əflatun Nemətzadə tərəfindən yüksək pəşəkarlıqla hazırlanmış opera tamaşaçılarda xoş təəssürat yaradıb  və gurultulu alqışlarla qarşılanıb. Premyerada orkestrı isə tanınmış İtaliyan dirijor Lorenzo Coladonato idarə edib.

 

Sonda, səfirlik tərəfindən layihənin tərəfdaş qurumları olan TÜRKSOY və Türkiyə  Dövlət Opera və Balet Teatrları Baş İdarəsinin rəhbərlərinə, eləcə də əməyi keçən digər şəxslərə plaketlər təqdim olunub.







Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR