​Mersin Dövlət Opera və Balet Teatrında "Koroğlu" operasının təqdimatı olub

​Mersin Dövlət Opera və Balet Teatrında "Koroğlu" operasının təqdimatı olub
12:27 10 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 yanvar. REPORT.AZ/ Yanvarın 9-da Mersin Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının premyerası keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, təqdimat Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi, Türkiyənin Dövlət Opera və Balet Teatrı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə səfir Faiq Bağırov, səfirliyin əməkdaşları, Mersin vilayətinin valisi Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri iştirak ediblər.
Tamaşadan əvvəl F.Bağırov və Türkiyə Respublikası Dövlət Opera Balet Baş İdarəsinin müdiri Selman Ada Ü.Hacıbəylinin 130 illik yubileyi münasibətilə "Koroğlu" operasının Mersin Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmasının əhəmiyyətindən danışıblar. "Koroğlu" operasının Azərbaycan musiqi mədəniyyətindəki yeri haqqında söhbət açan səfir, bu ölməz əsərin eyni zamanda bütün türk dünyasını birləşdirən dəyərlərimizdən olduğunu vurğulayıb. O qeyd edib ki, səfirliyin təşəbbüsü ilə 2015-2016-cı sənət ilində Mersin Dövlət
Opera və Balet Teatrının repertuarına salınmış "Koroğlu" operası sonradan TÜRKSOY-un da daxil edilməsiylə bütün türk dünyasının ortaq layihəsinə çevrilib. Bu da müştərək türk tarixi və ədəbiyyatında mövcud olan “Koroğlu” dastanının birləşdirici rolu ilə üst-üstə düşməkdədir.
Rəsmi hissədən sonra tamaşa təqdim olunub. Azərbaycanlı rejissor Əflatun Nemətzadə tərəfindən yüksək pəşəkarlıqla hazırlanmış opera tamaşaçılarda xoş təəssürat yaradıb və gurultulu alqışlarla qarşılanıb. Premyerada orkestrı isə tanınmış italiyalı dirijor Lorenzo Coladonato idarə edib.
Sonda səfirlik tərəfindən layihənin tərəfdaş qurumları olan TÜRKSOY və Türkiyə Respublikası Dövlət Opera və Balet Teatrları Baş İdarəsinin rəhbərlərinə, eləcə də əməyi keçən digər şəxslərə plaketlər təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/mersin-dovlet-opera-ve-balet-teatrinda-koroglu-operasinin-teqdimati-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR