Ölkədə spirtli içkilərin nağd satışının qadağan olunması ilə bağlı vəziyyət nə yerdədir?

Ölkədə spirtli içkilərin nağd satışının qadağan olunması ilə bağlı vəziyyət nə yerdədir?
23:22 10 Yanvar 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, yanvar ayının 1-dən "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları" qüvvəyə mindi. Yeni qaydalara əsasən aksiz markaları ilə markalanmalı olan mallar, yəni içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Rəsmilər bildirir ki, bunların nağdsız qaydada satışı nağdsız ödənişlərin stimullaşdırılması, bu sahədə dövriyyənin qanunun tələblərinə tam uyğunlaşdırılması və uçot sisteminin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Qanunun qüvvəyə mindiyi gündən tam 10 gün keçib. Bu müddət ərzində mağazalarda nə dəyişib? Əhalinin və qanunu yazanların buna münasibəti necədir? Bu suallara Kəpəz TV-nin (Region TV) əməkdaşlarının hazırladığı reportajda cavab axtaraq.
Artıq alkoqollu içkilər və tütün məmulatları topdansatış məntəqələrindən plastik kartlarla alınır. Mağazalarda isə tütünün pərakəndə satışı istisna olmaqla, spirtli içkilərin alışı plastik kartlarla həyata keçirilir. Yəni, bundan sonra mağazaya araq-pivə almağa gedənlər özləri ilə plastik kart aparmalı olacaqlar. Yeniliyin tətbiq olunmasına səbəb, bu sahədə vergidən yayınma hallarının qarşısının alınmasıdır. Çünki, alkoqollu içkilərin və tütün məmularlarının satışı indiyədək vergidən yayınma hallarının ən çox baş verdiyi sahələrdən biri hesab edilirdi.
Vahid Əhmədov - millət vəkili: "Burada məqsəd, bu sahədə baş verən qeyri-leqal əməliyyatların qarşısını almaq və vergiyə cəlb olunmanın həcmini artırmaqdan ibarətdir. Çünki, bəzi mağazalara gizli yollarla spirtli içkilər gətirilirdi və bu, vergi hesabatına daxil edilmirdi. Vergilər ödənilmirdi. Yenilik olduğu üçün, müəyyən çətinliklər olacaq. Amma sonradan bu, həll olunacaq".
Yenilik İnzibati Xətalar və Cinayət Məcəllələrinə edilən dəyişikliklərlə tənzimlənəcək. Həmin dəyişikliklərə görə, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd satışına görə, cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur. 
Azər Məmmədov - 12 saylı Ərazi Vergilər Departamentinin şöbə rəisi: "İnzibati Xətalar Məcəlləsinə əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların nağd qaydada az miqdarda (50 manatadək) satılması və alınması 100 manat miqdarında cərimənin tətbiq edilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinə əsasən aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma və alma 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinə görə isə, eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".
Ölkə ərazisində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi hər bir ölkədə dövlətin xüsusi nəzarətində olur və həmin malların alqı-satqısı zamanı hesablaşmaların nağdsız qaydada aparılması zamanın tələbidir. Ancaq Ekspert Oqtay Haqverdiyev nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə atılan bu addımı qənaətbəxş hesab etmir. O, bunu yalnız toptansatış mağazalarında tətbiqi üçün əhəmiyyətli sayır.
Oqtay Haqverdiyev - ekspert: "Araq gündəlik məhsul deyil. Bu, əsas qida məhsulları - çörək, yağ, çay və digər məhsullar üçün edilsə daha yaxşı oalrdı. Çünki, biz tez-tez bu məhsulları alırıq. Bir də, bu, topdan satışda olsa daha yaxşıdır. Çünki orada bilinir kim nə qədər məhsul alır, 1-2 məhsul alınmır. Spirtli içkiyə böyük məbləğdə pul verilir".
Vergilər naziri Fazil Məmmədov aksizli malların plastik kartlarla satışı üçün ölkə ərazisində yerləşən ticarət obyektlərində lazımi potensialın mövcud olduğunu bildirib. Vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, onlardan istifadə olunmasının nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri daim diqqətdə saxlanılır.
Ölkə ərazisində hazırda 84 min POS-terminal quraşdırılıb ki, bunun da 62 faizi Bakı şəhərinin 38%-i isə regionların payına düşür. Hazırda ölkədə 6 milyona yaxın şəxsin plastik kartı var. Vergilər naziri Fazil Məmmədov bildirib ki, bu, alkoqollu içkilərin nağdsız qaydada satışını həyata keçirməyə tam imkan verir. "Aksizli malların nağdsız qaydada satışı bütövlükdə bu sahədə uçotun şəffaflaşdırılmasına və nağdsız ödənişlərin stimullaşdırılmasına da müsbət təsir göstərməlidir", deyib nazir. Bəs əslində vəziyyət necədir?
Gülnar Rüstəmova- satıcı: "Alıcıların sayı demək olar ki, azalıb. Hazırda problemlər yaşayırıq. Əvvəllər çox satılırdı. İndi az hallarda spirtli içki satılır. Mağazada az da olsa plastik kartla alış-veriş edən var".
Alıcı: "Bu, yaxşı addımdır. Spirtli içkiləri ümumiyyətlə satmasalar daha yaxşı olar".
Alıcı: "Kartın olmağı yaxşıdır. Kartla digər məhsulları da almaq olar. Hazırda çox insanlarda kart yoxdur. Bundan sonra mütləq ki, çox insanda kart olacaq".
Alıcı: "Əgər hər hansısa bir məclis təşkil edəsi olsaq, məcburuq ki, kart alaq".
Müsahiblərimiz də hazırda bu sahədə çatışmazlıqlar müşahidə etdiklərini deyir. Belə ki, satıcı öz kartından istifadə edərək müştərini yola salır. Bununla yanaşı bəzi ərzaq mağazaları spirtli içkilərin xeyli hissəsinin topdansatış məntəqələrinə və distribütor firmalarına geri qaytaracağını qeyd edir. Həmçinin xırda mağazalarda Pos-terminalların olmadığı və plastik kartla alış-veriş aparılmadığı da sirr deyil.
Bəzi mağazalar isə vəziyyətdən çıxış yolunu piştaxtaları boşaltmaqda görürlər. Bu isə təbii ki, mağazanın ticarət dövriyyəsinə, eləcə də gəlirlərinə təsir edir.
Oqtay Haqverdiyev - ekspert: "Bizdə insanlar psixoloji nöqteyi nəzərdən, cibdə pulu olanda rahat olurlar. İnsanların dəyişməsi üçün zaman lazımdır. Dəyişiklik gözlənilir. Hazırda hökumətdə bu məsələyə yenidən baxılacaq. Məncə, bu qanunun pərakəndə satış obyektlərində tətbiqi ləğv olunacaq".
Bütün sivil ölkərlədə nağd puldan istifadə səviyyəsi demək olar ki, sıfıra bərabərdir. Ölkəmizdə isə nağdız ödənişlərin tətbiqi 4-5 ildir ki, tətbiq olunasa da hələ də nağd pulla alış-veriş üstünlük təşkil edir. Hökumətin isə məqsədi birdir.
Vahid Əhmədov - millət vəkili: "Bu sistem Azərbaycanda geniş tətbiq olunacaq. Bütün əsas ticarət əməliyyatları kartla həyata keçiriləcək".
Digər tərəfdən, kartla ödəmələrin həyata keçirilməsi nağd pul dövriyyəsinin azalması ilə yanaşı, maaş və ya pensiyalar ödənilən zaman bankomatlar qarşısında müşahidə olunan növbələrin də sayının azalmasına səbəb ola bilər. Burada vacib olan digər məqam isə, görülən işlərin təkcə stimullaşdırıcı tədbirlərdən ibarət olmaması ilə bağlıdır. Bunun üçün müvafiq infrastruktur yaradılmalı, maarifləndirmə işi aparılmalı, inzibati yollardan da istifadə edilməlidir. Plastik kartla satışa ticarət obyektlərinin özlərində də maraq yaradılmalıdır ki, bu isə müvafiq güzəştlər tətbiq etməyi tələb edir. İstənilən halda inkişaf etmiş ölkələrdə olduğu kimi alış-verişin nəğdsiz qaydada aparılması həm əhali, həm də dövlət üçün əhəmiyyət daşıyan bir haldır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR