Şair dostumun ölümü məni sarsıtdı. 66 yaş nə idi ki? Hələ bundan sonra nə qədər gözəl əsərlər yaza bilərdi!
Eləmişdin bu dünyanı saf-çürük
Gecə-gündüz, hər dənəsi bir hörük
Tanrı qoyub yer üzünə dağ-körük
Ya İsrafil çal surunu, çal, dedi
Ömür bitdi, zaman-məkan qal, dedi
Bu ömürdü hərə yaşar bir cürə
Gələn atın sürəcəkdi min yerə
Kişi kimi yaşadınsa bir kərə
Öz izini, öz yolunu sal, dedi
Ömür bitdi, zaman-məkan qal, dedi
Nə biləydi çalınacaq sur indi?
Həyat gözəl, yaşa, yarat, qur indi
Kimlər gəlib görüşünə dur indi
Bu həyatdan, bu qisası al, dedi
Ömür bitdi, zaman-məkan qal dedi
Gəl bu daşı ətəyindən tök, canım
Nə tökmüsən indi onu tik, canım
Özün boyda daş yükünü çək, canım
Yarı acı, yarı şirin, bal, dedi
Ömür bitdi, zaman-məkan qal, dedi
Heç düşünmə ömür getdi, son oldu
Bir qoymuşdun zaman-zaman on oldu
Ömür, gündü axır dönüb yön oldu
Daş demədi, qaya dedi, sal dedi
Ömür bitdi, zaman-məkan qal, dedi
10. 01. 16
Yunus Oğuz
yazıçı-publisist
Olaylar.az