"Onlar vətəndaş yox, cəmiyyətin düşmənləridir"

"Onlar vətəndaş yox, cəmiyyətin düşmənləridir"
13:12 11 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Cənab prezident hökumətin iclasında söylədiyi hər bir fikirlərində Azərbaycanın iqtisadi, siyasi taleyi ilə bağlı olan ən vacib məqamları gündəmə gətirdi.

Bunu Milli.Az-a açıqlamasında prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışına münasibət bildirən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib.

Millət vəkili qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə keçirilən iclasda istər daxili, istərsə də xarici siyasətdə, beynəlxalq aləmdə baş verən proseslərə ayrı-ayrılıqda münasibət bildirildi və bir növ "Azərbaycanın strateji kursu nədən ibarətdir?" sualına qısaca olaraq cavab verildi: "Dövlət başçının çıxışında Rusiya-Türkiyə münasibətləri və Azərbaycan, beynəlxalq aləmdə baş verən münaqişələr və Azərbaycan, dünyada iqtisadi böhran və Azərbaycan kimi məsələlər önə çəkildi. Bununla hökumətə mesaj verildi ki, biz nələri etməliyik. Tapşırıqlar verildi və güman edirəm ki, hökumət də bu tapşırıqlardan nəticə çıxararaq onları qısa vaxt ərzində yerinə yetirəcək".

F.İbrahimlinin fikrincə, bunların içərisində ən diqqət çəkən məsələ isə ölkədəki sosial vəziyyət və qiymətləri süni şəkildə artıranlarla mübarizə oldu:

"Rəhmətlik Mirzə Ələkbər Sabir deyirdi ki, biz çırmanırıq çay gəlməmiş. İndi iqtisadi vəziyyət dəyişən kimi bir qrup işbazlar, çünki onlara iş adamlara demək olmaz, deyir ki, malı dollarla almışdım, indi baha satıram. Sən onu alanda qiymət axı başqa olub. Sən hələ o aldığını köhnə qiymətə sat, sonra dollarla baha qiymətə aldığını da baha satarsan. İndi əlinə fürsət düşən hər kəs "necə edim ki, bundan istifadə edib varlanım" deyir. Həm pul çox olanda, həm böhran olanda daha çox qazanmaq ehtirası bu milləti məhv edir. Elə ona görə dövlət başçısı qiymətlərin süni şəkildə artırılmasından və yerli malların bahalaşmamalı olduğundan danışdı. Tutaq ki, məhsul Qubada istehsal edilib Bakıya göndərilib. Onlar ki, dollarla alınmayıb. İclasda belə məsələlərə kifayət qədər diqqət yetirildi. İndi hamı - yerli icra strukturları, aidiyyəti qurumlar, insanlar bundan nəticə çıxarmalıdır. Hesab edirəm ki, manatın devalvasiyasından istifadə edib bahalaşma yolu ilə varlanmaq istəyən insanlar, əslində, heç insan deyil. Onlar vətəndaş yox, cəmiyyətin düşmənləridir və onlara qarşı da düşmən münasibəti bəslənməlidir".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR