Voleybol üzrə kişilərdən və qadınlardan ibarət Rusiya milliləri “Rio-2016”ya vəsiqə qazanıblar

Voleybol üzrə kişilərdən və qadınlardan ibarət Rusiya milliləri “Rio-2016”ya vəsiqə qazanıblar
13:28 11 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Voleybol üzrə milli komandaların Avropa Olimpiya təsnifat turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Almaniyada keçirilən turnirdə kişilərdən ibarət Rusiya millisi Braziliyada keçiriləcək “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Turnirin finalında Rusiya və Fransa voleybolçuları qarşılaşıblar. Bu komandalar həlledici görüşədək qrup mərhələsində bir dəfə üz-üzə gəlmişdilər. Həmin oyunda Fransa idmançıları 3:1 hesabı ilə qalib gəlmişdi. Bu amil Rusiya seçməsi üçün qarşılaşmanın prinsipial əhəmiyyətini artırmışdı.
Görüşə fəal başlayan Fransa idmançıları ilk hissədə 25:14 hesabı ilə qalib gəliblər. Lakin bundan sonra matçda dönüş yaratmağa nail olan Rusiya voleybolçuları ikinci setdə 25:16 hesabı ilə üstün olaraq setlərin hesabını bərabərləşdiriblər. Növbəti 2 hissədə rəqibini 25:23 və 25:21 hesabı ilə məğlub edən Rusiya millisi turnirin qalibi olmaqla yanaşı, Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Fransa millisi və yarışı üçüncü yerdə başa vuran Polşa komandası Olimpiya Oyunlarına qatılmaq üçün mayda Yaponiyada təşkil olunacaq ümumdünya Olimpiya təsnifat turnirində mübarizə aparacaq.
Türkiyədə keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin finalında isə Rusiya komandası Hollandiyadan üstün olaraq “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmişdi.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Voleybol_uzre_kisilerden_ve_qadinlardan_ibaret_Rusiya_millileri_Rio_2016ya_vesiqe_qazaniblar-917416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR