Bu, bizim üçün neftin qiymətinin düşməsindən daha qlobal problemdir

Bu, bizim üçün neftin qiymətinin düşməsindən daha qlobal problemdir
15:27 11 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

"Ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası yetərincə məhsuldar oldu. Dövlət başçısı iclasda 2015-ci il üzrə reallıqları təsvir etməklə yanaşı, mövcud duruma işarə edərək bəzi məsələlərə aydınlıq gətirdi və vacib tapşırıqlar qoydu".

Bunu Milli.Az-a açıqlamasında prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışına münasibət bildirən iqtisadçı-ekspert Nicat Hacızadə deyib.

Ekspertin sözlərinə görə, prezidentin iqtisadi sahədə ilk növbədə neftin qiymətinə və onun enməsi səbəbindən ölkə iqtisadiyyatının zəifləməsinə işarə etməsi göstərir ki, hökumət anlayır ki, hal-hazırki neft qiymətlərilə, ümumilikdə isə yalnız neft sektoru ilə iqtisadiyyatda ciddi bir uğur qazanmaq mümkün deyil: "Nə etməli? Qeyri-neft sektorunun inkişaf planı hazırlanmalıdır. Təəssüf olsun ki, qeyri-neft sektorunda artım manat ifadəsində müəyyən qədər olsa da, dollar miqyasında azdır. Qeyri-neft sektorunun inkişafı üzrə aparılan siyasətə yeni idarəetmə prizmasından baxmaq lazımdır. Əgər ölkə prezidenti bu sahədə idarəetmədə şəffaflığın bərpa olunmasının vacibliyini bildirirsə, deməli, şəffaflığın təmin edilməsi üçün bütün planlar yeni kadrlarla həyata keçirilməlidir. Bu baxımdan dövlət başçısının 2016-cı ildə yeni struktur dəyişikliyi tədbirləri görəcəyi gözləniləndir".

İqtisadçı hesab edir ki, prezidentin ixrac-idxal məsələlərində şəffaflığın təmin edilməsi ilə bağlı fikriləri inhisarçılığın tam ləğvinə hesablanıb: "Dövlət başçısının da qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının inkişafına mane olan amillərdən biri də inhisarçılıqdır. İnhisarçılıq bizim üçün neftin qiymətinin düşməsindən daha qlobal problemdir. Bu gün Azərbaycanda investisiya şəraitinin münbit olmasına baxmayaraq, ölkəyə xarici investorun gəlməsi və cəlb olunması prosesi ləngiyir. Əvvəllər xarici investisiyalar investorlar tərəfindən əsasən neft sektoruna yönəldilirdi. Çünki neftin qiyməti yetərincə yüksək idi. Qeyri-neft sektorunda isə indi vəziyyət yetərincə sabit deyil. Üstəgəl bəzi inhisarçılıq faktların olması ölkəyə xarici investorlarının gəlməsinin qarşısını alır. İnvestor ona görə investisiya yatırır ki, daha çox gəlir gətirsin. Amma inhisarçı investorun təyin etdiyi qiymətdən qəsdən aşağı qiymət təyin etsə, o zaman ziyanla üzləşəcək. Bu səbəbdən risk etmək istəmirlər".

N.Hacızadənin fikrincə, dövlət başçısının qabartdığı digər önəmli məsələ bank sektoru ilə bağlıdır: "Prezident bank sektorunda islahatların aparılması və iqtisadiyyatın inkişafında daha fəal iştirak etməsilə bağlı fikir bildirdi. Mənim fikrimcə, islahatlar dedikdə dövlət başçısı kredit faizlərinin endirilməsini nəzərdə tutur. Çünki artıq bu reallıqdır ki, banklar özəl sektorun, biznesin inkişafı üçün heç bir şərait yaratmır. Ölkədə bankların ayırdığı biznes kreditlərinin faizi yetərincə yüksəkdir. Biznesə başlamaq istəyən şəxs heç zaman əhalinin gəlirlərinin azaldığı, inhisarçılığn olduğu, üstəgəl məzənnə sistemində qeyri-sabitliyinin olması və yüksək faiz dərəcələri şəraitində biznes kredit götürüb sahibkarlığa başlamaz. Bu, eyni zamanda elə xarici investorlara da aiddir".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR