"Donuz qripi" bir addımlığımızdadır...

"Donuz qripi" bir addımlığımızdadır...
16:32 11 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə və İranda "donuz qripi"nə (H1N1) yoluxanların və bu xəstəlikdən ölənlərin sayının artması, həmçinin virusun yayılma miqyasının genişlənməsi ən çox gediş-gəlişimizin olduğu ölkələr olduğu üçün Azərbaycanda da narahatlıq doğurmaya bilməz.

Bununla əlaqədar, Milli.Az-ın sorğusuna cavab olaraq, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən görülən tədbirlər barədə məlumat veriblər: "Türkiyədə ehtimal olunan "donuz qripi" epidemiyasının hava nəqliyyatı ilə Azərbaycana gətirilməsinin qarşısını almaq məqsədi ilə tərəfimizdən hər ehtimala qarşı "Azərbaycan Hava Yolları" (AZAL) QSC-də çalışan və  Bakı-İstanbul- Bakı istiqamətində uçuşlar həyata keçirən bütün təyyarə bələdçiləri üçün "donuz qripinin ilkin simptomları" başlığı altında maarifləndirici bülleten hazırlanıb".

Qeyd edilib ki, bir müddət əvvəl Bakı-Tehran-Bakı istiqamətində uçuşları həyata keçirən bütün təyyarə bələdçiləri üçün də eyni bülletenlərdən hazırlanmışdı. Bələdçilər bülletendə yer alan məlumatlarla tanış olaraq, həmin simptomlarla rastlaşdıqda hansı prosedurları yerinə yetirmək lazım olduğu haqda biliklər əldə edirlər.

Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi şəxslərinin açıqlamalarına görə, indiyədək aparılan analizlərin nəticələrinə əsasən, Azərbaycanda "donuz qripi" virusu aşkarlanmayıb.

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev bildirib ki, ölkənin bütün sərhəd-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə xaricdən gələn insanlar yoxlanılırlar. Əgər kimdəsə temperatur olursa, onlardan nümünə götürülür və Stansiyaya göndərilir. Stansiya da nəticələri dərhal təqdim edir.

Dövlət Gömrük Komitəsi (DGK) isə virusla əlaqədar hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlərin aparıldığını, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlərin həyata keçirildiyini açıqlayıb.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR