​Maliyyə naziri: "Ötən il dövlət büdcəsinin gəlirləri 2,3 milyard manat azalıb"

​Maliyyə naziri: "Ötən il dövlət büdcəsinin gəlirləri 2,3 milyard manat azalıb"
22:37 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ "Hesabat ilində dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6 faiz az olub".
"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov yanvarın 10-da Nazirlər Kabinetinin Azərbaycan prezidenti İlham Əliyev sədrliyi ilə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, gəlirlərin azalmasının əsas səbəbi neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin azaldılması və bununla Neft Fondunun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub.
"Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətləri ilə təmin edilən daxilolmalar 100,1 faiz səviyyəsində icra olunub və müvafiq olaraq dövlət büdcəsi gəlirlərinin 41,5 və 9,3 faizini, mütləq ifadədə isə 7 milyard 118 milyon manat və 1 milyard 592 milyon manat təşkil edib", - deyə nazir bildirib.
S.Şərifov qeyd edib ki, 2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103,0 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 200,0 milyon manat, 2014-cü illə müqayisədə isə 694,0 milyon manat və ya 9,5 faiz çox təşkil edib.
Onun sözlərinə görə, ümumən vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 6,5 faiz-bənd çoxdur.
"Ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15,0 faiz ixtisar edilməsi qərarına gəlinib.
Bununla belə, sosialyönümlü xərclərin prioritetliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1 faizi və ya 5 milyard 752 milyon manatı yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 5,0 faiz çoxdur", - deyə o qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/maliyye-naziri-oten-il-dovlet-budcesinin-gelirleri-2-3-milyard-manat-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR