Baş nazirinin müavini: "Dünyanı silkələyən maliyyə böhranı..."

Baş nazirinin müavini: "Dünyanı silkələyən maliyyə böhranı..."
22:42 11 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov çıxış edərək dedi:

- Zati-aliləri, möhtərəm cənab Prezident!

Dünyanı silkələyən maliyyə böhranı, idarə olunmaz həddə çatan miqrasiya prosesləri ilə yadda qalan 2015-ci ildə Sizin balanslaşdırılmış xarici və daxili siyasətiniz, qətiyyətiniz, Heydər Əliyev Fondunun çoxşaxəli səmərəli fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmləndi, siyasi-iqtisadi potensialı daha da artdı.

Azərbaycanda siyasi, iqtisadi sabitlik qorunub saxlanıldı, ölkəmizdə heç bir sosial sahə maliyyə çətinlikləri ilə üzləşmədi. Bunun əsas səbəbi həyata keçirdiyiniz düzgün iqtisadi perspektiv proqnozlaşma və 2009-cu ildə neftdən asılılığı azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək barədə göstərişiniz və onun icrası oldu.

Azərbaycan bütün istiqamətlərdə akademik təhlillərə əsaslanan stabillik meyarları ilə idarə olunan, davamlı inkişaf edən, müstəqil siyasət yürüdən, parlament seçkilərini tam şəffaf, demokratik şəraitdə keçirən ölkə kimi bir daha tanındı. İstər Avropa siyasi qurumlarının, istərsə də bəzi dövlətlərin ölkəmizə qərəzli hücumlarının qarşısı məharətlə alındı.

Ölkədə və beynəlxalq aləmdə apardığınız uğurlu işlər qısqanclıq yaradıb. Bunun nəticəsi olaraq bəzi dövlətlər, beynəlxalq təşkilatlar ölkəmizin əleyhinə qərəzli işlər aparırlar. Yaranmış şəraitdən istifadə edən dünya erməni diasporları ermənipərəst konqresmenləri bu çirkin işə cəlb edirlər.

Möhtərəm cənab Prezident, 2015-ci ildə ölkəmizdə həyata keçirilən çoxsaylı sosial layihələrdən məcburi köçkünlər də bəhrələniblər. Bütün çətinliklərə baxmayaraq, son illərdə məcburi köçkünlərin sosial müdafiəsinə diqqət artırılıb. Büdcədən 2016-cı ildə sosial sahəyə yönəldilmiş vəsaitin həcmində hətta 2014-cü ilə nisbətən artım var.

Ölkənin ən həssas qrupu olan məcburi köçkünlərə Sizin yüksək diqqətiniz sayəsində 2015-ci ildə Mingəçevir, Şirvan şəhərlərində, Hacıqabul, Saatlı, Abşeron, Bərdə, Sabirabad, Qazax, Zaqatala, Bakının Qaradağ, Sabunçu rayonlarında məskunlaşan 15 min məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikinti işləri aparılıb, 5 yeni qəsəbə salınaraq yaşayış massivlərinin sayı 94-ə çatdırılıb.

2015-ci il fevralın 24-də Mingəçevir şəhərində, martın 12-də isə Bərdə rayonu ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış komplekslərinin açılışında şəxsən iştirak etdiniz.

Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün inşa edilmiş binanın 2015-ci il mayın 10-da keçirilmiş açılışında Fondun prezidenti Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə iştirak etdi.

Zati-aliləri, Sizin dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi barədə tapşırığınıza uyğun olaraq bildirmək istəyirəm ki, məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər müəyyənləşdirilmiş normativlər üzrə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına, müavinətlər isə plastik kartlarla ödənilir. Nəticə etibarilə artıq 10 ildir ki, vəsaitlərin ödənişində canlı təmas amili tam aradan qaldırılıb.

Bu sahədə işlərin təkmilləşdirilməsi həm müvafiq icra hakimiyyətləri, həm də xidmət təşkilatları ilə birlikdə həyata keçirilir. Qaz və elektrik enerjisi sahəsində sayğaclaşma işləri tam başa çatdırılıb.

Möhtərəm cənab Prezident, dünyada baş verən haqsızlıq və ədalətsizliklər yüz minlərlə insanın həyatını itirməsinə, il ərzində miqrantların sayının 10 milyondan çox artmasına səbəb olub. Dünyaya demokratiya, insan hüquqları dərsi keçənlərin özləri bu gün dünyanı sanksiyalarla idarə edirlər. Onların demokratiyası, insan hüquqlarının müdafiəsi bundan ibarətdirmi? 550 milyon əhalisi olan Avropa bu gün bir neçə yüz min miqrantın əlində əsir-yesir, çaş-baş qalıb, vəziyyəti idarə edə bilmirlər. Bəs kiçik əraziyə və azsaylı əhaliyə malik Azərbaycan dövləti və onun Prezidenti bir milyon iki yüz min qaçqın, məcburi köçkün problemini necə idarə edir?

Cənab Prezident, məcburi köçkünlərlə bağlı bir problemi diqqətinizə çatdırmağı özümə borc bilirəm: 150 min nəfər məcburi köçkün Bakıda istismara yararsız yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə yaşayır. Vaxtilə təklifimiz nəticəsində Abşeron rayonunun Qobu qəsəbəsində yaşayış massivinin layihələndirilməsinə başlanıldı. Hesab edirəm ki, Bakı şəhərində vəziyyəti yüngülləşdirməyin çıxış yolu, imkan yarananda, həmin yaşayış massivinin layihələndirilməsi və tikilməsidir.

Tapşırığınız əsasında məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda Zati-alinizin diqqətinə təqdim ediləcək.

Məlumat üçün bildirirəm ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.

Cənab Prezident, bu gün ölkəmizdə əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İnanırıq ki, apardığınız çoxşaxəli və qətiyyətli işlər öz nəticəsini verəcək. Buna görə də öz qüvvəmizə güvənmək, iqtisadiyyatımızı, hərbi qüvvəmizi daha da artırmaq siyasətiniz ən doğru yoldur.

Zati-aliləri, dövlətin gücü xalqla Prezidentin birliyindədir. Bu gün ölkədə xalqla Prezident arasında monolit birlik var.

Dünyada gedən siyasi oyunlar nəticəsində, yəqin ki, 2016-cı il də çətin il olacaq. Ancaq, cənab Prezident, Sizin çox təkmil dünyəvi idarəçilik sisteminiz, təcrübəniz sayəsində bu çətinliklər dövlətimiz və xalqımızdan yan keçəcək.

Diqqətinizə görə minnətdaram.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR