​Dövlət başçısı: "Bank sektorunda islahatlar aparılmalıdır"

​Dövlət başçısı: "Bank sektorunda islahatlar aparılmalıdır"
00:37 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Ötən il çox ciddi addımlar atılıb. Lisenziyaların sayı azaldılıb. İcazələrin sayı azaldılır. Bürokratik əngəllər aradan götürülür. Bu il də bu istiqamətdə daha da ciddi işlər aparılmalıdır və biznes ictimaiyyətinin təklifləri də nəzərə alınmalıdır. Onlarla mütəmadi qaydada əlaqələr saxlanılır. Ancaq indiki şəraitdə onların fikirləri hesab edirəm ki, daha da böyük əhəmiyyət daşıya bilər. Hansı problemlər var, onların biznes fəaliyyəti üçün əngəllər nədən ibarətdir ki, bunu biz aradan götürək və biznes mühitini daha da yaxşılaşdıraq".
"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident bildirib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir:
"Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilib. Bunun böyük əksəriyyəti aqrar sektora, regionlara verilib. 5 min 240 sahibkara güzəştli kreditlər verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir. Əlbəttə, indi bizim maliyyə imkanlarımız əvvəlki illərdəki kimi deyil, ancaq biz bu sahəyə mütləq vəsait təşkil etməliyik. Çünki bu, iqtisadiyyatın real sektoruna qoyulan sərmayədir. Bu sərmayə qoyuluşunda dövlət siyasəti tam öz əksini tapır. Çünki biz dövlət üçün lazım olan sahələri inkişaf etdirməliyik ki, idxalı əvəzləyə biləcək, ixrac qabiliyyətli məhsulları yetişdirək. Ona görə güzəştli kreditlərin məqsədyönlü şəkildə verilməsi öz müsbət rolunu oynayır. Bu ilin dövlət büdcəsində bu məqsədlər üçün ən azı keçən ilin səviyyəsində vəsait ayrılmalıdır. Nəzərə alsaq ki, verilən bu kreditlərin böyük hissəsi əvvəlcə götürülmüş və qaytarılmış kreditlər hesabına verilir, burada büdcə yükü o qədər də böyük olmayacaq. Olsa da yenə də bu çox önəmli və öz səmərəsini verən sahədir".
İlham Əliyev bu barədə əvvəllər də öz fikirlərini bildirdiyini diqqətə çatdırıb:
"Mən bu barədə əvvəllər də öz fikirlərimi bildirmişdim. İndiki şəraitdə buna daha da böyük ehtiyac var. Özəl banklar daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırsınlar. Dövlət özəl bankları dəstəkləyir. Ümumiyyətlə, bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər. Əlbəttə ki, özəl banklar gəlir qazanmalıdırlar. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir. Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb. Bu sahədə əlbəttə ki, ilk növbədə kənd təsərrüfatı, emal sənayesi istiqamətinə, tikinti materialları istiqamətinə vəsait ayrılmalıdır ki, biz özümüzü bu məhsullarla daxili istehsal hesabına tam təmin edək".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/dovlet-bascisi-bank-sektorunda-islahatlar-aparilmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR