​İlham Əliyev: "Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilərik"

​İlham Əliyev: "Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilərik"
01:27 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Ötən il “Kənd təsərrüfatı ili” idi. Mən çox şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı 6,6 faiz artıb. Bu, çox gözəl göstəricidir, qeyri-neft sektorunun inkişafıdır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar da bax, bu vəziyyəti şərtləndirir. Bu islahatlar daha da dərinləşməlidir. Belə olan halda biz özümüzü ərzaq məhsulları ilə tam, yəni, 100 faiz təmin edə bilərik və ərzaq məhsullarının tərkibində yerli komponent daha da böyük həcmdə ola bilər. Vəzifəmiz isə özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Ərzaq təhlükəsizliyi bu deməkdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı ixrac qabiliyyətinin artırılmalı olduğunu bildirib:
"İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Xüsusilə nəzərə alsaq ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Rusiyada bizim məhsullara indi daha çox tələbat var. Biz bu tələbatı təmin etməliyik və Rusiya bazarına daha da böyük məhsulla çıxmalıyıq. Eyni zamanda, Qazaxıstanda müasir logistika mərkəzi tikilib, demək olar ki, hazırdır. Yaxın vaxtlarda biz ərzaq məhsullarımızı Qazaxıstana da ixrac etməyə başlayacağıq. Yaxın Şərq ölkələri bizim məhsullarımızla maraqlanırlar. Səfərlər zamanı bu məsələ müzakirə edilir və biz bu bazarlara da çıxmalıyıq. Çünki bizim keyfiyyətli məhsullarımız böyük marağa səbəb olur. Bizim üçün isə əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir".
"Nəzərə alsaq ki, keçən il meliorasiya işləri ilə bağlı çox ciddi addımlar atılıb, biz yararsız torpaqları dövriyyəyə buraxmalıyıq və minlərlə, on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq. Artıq o torpaqlarda suvarma işləri təmin edilir və məhsuldarlığı, əkin sahələrini artırmalıyıq. Beləliklə, əminəm ki, biz bu il də kənd təsərrüfatında böyük artıma nail ola biləcəyik", - deyə prezident qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/i-lham-eliyev-biz-ozumuzu-erzaq-mehsullari-ile-100-faiz-temin-ede-bilerik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR