Prezident İlham Əliyev Əlcəzairin və Monqolustanın Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib

13:27 12 Yanvar 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, səfir Lahssan Boufares fəxri qarovul dəstəsinin qarşısından keçib.
Lahssan Boufares etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Azərbaycan Prezidenti qarşılıqlı səfərlərin və biznes nümayəndələrinin birgə əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğuladı. Hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər göstərdiyini dedi. Dövlətimizin başçısı, həmçinin ölkələrimizin təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində də əməkdaşlığının önəmini qeyd etdi. Prezident İlham Əliyev səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.
Səfir Lahssan Boufares Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı arzularını dövlətimizin başçısına çatdırdı. O, Əlcəzairdə səfirliyin açılması ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini dedi. Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən səfir bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlətimizin başçısı Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev yanvarın 12-də Monqolustanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Badamdorj Batxişiqin etimadnaməsini də qəbul edib.
Səfir Badamdorj Batxişiq fəxri qarovul dəstəsinin qarşısından keçib.
Badamdorj Batxişiq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycanın Monqolustan ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə maraq göstərdiyini deyən Prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu bildirdi. Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı apardıqları danışıqları məmnunluqla xatırlayan dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin xalqlarımız və ölkələrimiz üçün önəmli olduğunu vurğuladı. Azərbaycan ilə Monqolustanın biznes strukturları arasında əməkdaşlığın o qədər də fəal olmadığını deyən Prezident İlham Əliyev ölkələrimizin bir-birini daha yaxından tanımalarının, investisiya və biznes imkanlarının düzgün istiqamətləndirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Badamdorj Batxişiqin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi və səfirə fəaliyyətində uğurlar arzuladı.
Səfir Badamdorj Batxişiq Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Səfir ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi iqtisadi uğurlardan danışdı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.
Dövlətimizin başçısı Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-elcezairin-ve-monqolustanin-azerbaycana-yeni-teyin-olunan-sefirlerinin-etimad

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR