"İşbazların" media uzantıları

"İşbazların" media uzantıları
13:57 12 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın leqal güc mərkəzləri sırasında Çin təqribən 3-4-cü yerləri bölüşür. Soyuq savaş dönəmindən, daha sonra ABŞ, Rusiya, Qərb qarşıdurmalarından faydalanan bu ölkə ağıllı manevrləri ilə iqtisadi-siyasi qüdrətini artırmağı, dünya oyunçuları sırasında ön cərgəyə çıxmağı bacarıb. Siyasi təhlilçilər proseslərin bu axarla davam edəcəyi təqdirdə, Çinin yeni uğurlar qazanacağını, müqayisəsiz gücə çevriləcəyini proqnozlaşdırırlar.

Amma elmi-ideoloji əsaslara bağlanan strategiyasına, ağıllı manevrlərinə, min illərə söykənən dövlətçilik ənənələrinə, heyrət doğuran iqtisadi artımına baxmayaraq, Çin ABŞ strateqlərinin qurduğu "dollar oyunundan" yan keçə bilmədi. Çin Xalq Bankının rəsmən elan edilmiş statistikasına görə, "dollar oyununun" nəticəsində 2015-ci ildə ölkənin qızıl-valyuta ehtiyatları 13,3%, yuxud 512,7 milyard dollar azalıb. Məlumata görə, 2015-ci ilin təkcə dekabr ayında azalma 108 milyard dollar təşkil edib. Hökumət ölkənin milli valyutası olan yuanın dollar qarşısında məzənnəsini dəstəkləməyə qərar verərək, dollar ehtiyatlarını valyuta bazarına buraxsa da, iqtisadi tempin geri hərəkətini durdurmaq mümkün olmayıb. Geriləmə tempi 2016-cı ilin ilk günlərində də davam edib.

Dünya Bankının açıqlamasında isə qeyd edilir ki, 2015-ci il ümumilkdə dünya ölkələrinin iqtisadi inkişafı, milli valyuta ehtiyatları üçün problemli il olub. İnkişaf etmiş ölkələrin 2015-ci il üzrə iqtisadi göstəricilərinin təsvirini verən DB təmsilçisi Kauşuk Basu bu ili "dünya iqtisadiyyatı üçün məyusedici il" adlandırıb. Basu 2016-cı ili "riskli il" kimi təsvir edərək, onun bütün ölkələr üçün problemlərlə müşayiət ediləcəyinə işarə verib.

Yerli onlayn media resurslarını izləyəndə isə elə təəssürat yaranır ki, bütün dünyanı təşvişə salmış, problemlə üz-üzə qoymuş "valyuta oyunu"nun müəllifi Azərbaycan hökumətidir, yaxud milli valyutanın zərbə alması yalnız Azərbaycan üçün xarakterikdir. Səbəb aydındır. Bəd proqnoz verənlərdən bir qisminin siyasi problemləri var, hər nə olursa-olsun, hakimiyyətin tənqid edilməsində fayda görürlər. Belələri mövcud hakimiyyəti təkcə olanlara görə deyil, hətta olması ehtimal edilənlərə görə də ittiham edirlər. "Dolların məzənnəsinin artmasına görə 2016-cı ildə 100 minədək iş yeri bağlanacağ"ını ehtimal yox, 100 faizlik fakt kimi təqdim etməklə çaşqınlıq yaradır, baş verənlərin günahını "yaşlı kadrların" işində axtarır, hökuməti adekvat addımlar atmamaqda qınayırlar. Digər bir qisim isə yaranmış duruma təbliğat üçün fürsət kimi baxır. İllərlə üstünü toz basmış "ekspertlər" künc-bucaqdan çıxaraq vahimə yaradan "təhlillər" vermək, guya indi baş verən "iqtisadi fəlakəti" illər öncə proqnozlaşdırdığını deməklə özünə imic formalaşdırırlar. Təəccüb doğuran məqam isə səhv olduğu bilinən, sadə vətəndaşda vahimə yaratmağa köklənən açıqlamaları həvəslə tirajlayan media qurumlarındadır. Təəssüf ki, son vaxtlar bəzi KİV-lər, xüsusən onlayn resurslar yaranmış durum barədə əhalidə fikir aydınlığı yaranmasına yox, vəziyyətin daha da mürəkkəbləşməsinə xidmət edən məlumatlar yayırlar.

Dolların məzənnəsinin artımı, milli valyutaların dəyərdən düşməsi təkcə Azərbaycanda yox, bütün dünyada baş verən prosesdir. Bu, həm də iqtisadi proseslərin göstəricisi yox, dünya güclərinin siyasi qərarlarının nəticəsidir. Ölkə vətəndaşına düzgün məlumat çatdırmaqla onun toparlanıb vəziyyətdən çıxmasına yardım etmək mümkündür. Elmi disputlara yer verməklə, sınanmış ekspertlərin fikirlərini tirajlamaqla KİV adamlarda gələcək fəaliyyətlərini necə qurmaq barədə təsəvvür formalaşdıra, bu yolla prosesə fayda vermiş olar.

Sensasiya axtaranlar üçün də mövzu var. Kriminal, şou, insident, ajiotaj həvəskarı olan oxucu auditoriyasını cəlb etmək üçün qondarma mövzular quraşdırmağa, hər gün bir "rayonda üsyan olması" barədə yalançı xəbərlər yaymağa lüzum yox. Zatən manatın məzənnəsi ilə bağlı durumdan istifadə edib süni sabotaj yaradan, narahatlıq formalaşdırıb əhalini dövlətdən narazı salan, yaxud qarışıqlıq yaradıb varlanmaq istəyən kifayət qədər şəxslər mövcuddur. Sayları kifayət qədər çox, əməlləri, metodları, düşüncələri sensasiya doğuracaq qədər heyrətlidir. Hakimiyyət strukturlarına qədər irəliləmiş, yer tutmuş belələrini ifşa etməklə həm sensasiya axtaran oxucunu cəlb etmək, həm də təmizləmə əməliyyatına yardım edib xalqa fayda vermək mümkündür. Sensasiyalı olsa da, bu şəxsləri ifşa etmək medianın həm qanunla ifadə olunan vəzifəsi, həm beynəlxalq təcrübəyə əsaslanan statusu, həm də milli təəssübkeşlikdən irəli gələn missiyasıdır.

Ölkə prezidenti də KİV-in bu hərəkətinə dəstək verməyə hazır olduğunu açıqladı. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bu məsələyə də toxundu: "Son günlər baş verən devalvasiyadan bir sıra işbazlar istifadə edirlər. Onlar süni bahalaşma yaradaraq əhalidən artıq pul qazanmağa çalışırlar. Buna qarşı mübarizədə prokurorluq və digər aidiyyəti qurumlarla yanaşı, mətbuat da fəal olmalıdır".

Əgər bu qədər mövzu bolluğunda hansısa KİV real faktları, qanun pozucularını bir yana qoyub qondarma insidentlərə, "ekspertlərə" yer verirsə, bu yolla cəmiyyətdə çaşqınlıq yaradırsa, deməli, marağı var. Belələrini, barəsində danışılan "İşbazların" media uzantıları kimi tanımaq mümkündür.

Müşfiq Ələsgərli

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR