Cəlilabadda 22 kq-dan çox narkotik və saxta əsginaslar müsadirə edildi

Cəlilabadda 22 kq-dan çox narkotik və saxta əsginaslar müsadirə edildi
15:28 12 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini yeni ilin ilk günlərindən uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilən bu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 125 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr müsadirə edilib.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının bu günlərdə həyata keçirdiyi tədbirlər nəticəsində isə ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və külli miqdarda saxta pul əsginasları müsadirə edilib. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 10-da Cəlilabad rayonunun Seyidbazar kənd sakini, əvvəllər məhkum olunmuş Hacıbala Nərimanov saxlanılıb. Baxış zamanı ondan 20 kiloqram 185 qram tiryək və 2 kiloqram 265 qram marixuana götürülüb.

Araşdırmalarla H.Nərimanovun narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Teymurova verəcəyi müəyyən edilib.
Tədbirlərin davamı olaraq A.Teymurov da tutulub. Ondan isə 492 ədəd saxta 100 manatlıq əsginas götürülüb və həmin əsginasları həmyerlisi Rövşən Abbasovdan alması müəyyən edilib. Görülmüş tədbirlərlə R.Abbasov da saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2479399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR