Bakı Ali Neft Məktəbində SAP şirkətinin regional Təlim Mərkəzi yaradılır

16:03 12 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Almaniyanın SAP şirkətinin regional Təlim Mərkəzi yaradılır. Bununla bağlı BANM-in rektoru Elmar Qasımov və SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer arasında razılıq əldə olunub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, Təlim Mərkəzinin yaradılmasının məqsədi SAP Tədris Mərkəzinin akademik nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanmaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənmək və SAP texnologiyaları əsasında ən yeni layihələrin həyata keçirməkdir. Tələbələr, həmçinin əlavə kurslarda iştirak etməklə onlara Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ya ölkədə fəaliyyət göstərən digər müəssisələrdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları ala biləcəklər. Təlim Mərkəzinin fəaliyyəti BANM-in müəllim və tələbələri ilə yanaşı, eyni zamanda, bütövlükdə region üçün nəzərdə tutulur.
BANM sənayeni və müəssisələri yüksək ixtisaslı mütəxəssislərlə təmin edən, bazarın tələblərinə uyğun mütəxəssis təlimi prosesini planlaşdıran və yüksək dərəcəli neft və qaz sənayesi sahəsində mütəxəssislərin əsas təhsil və təlim mərkəzinə çevrilir.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi (BANM) və SAP arasında imzalanan müqavilə əsasında Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü olub. Bu razılaşma Azərbaycanın neft və qaz sənayesindəki gənc mütəxəssislərə dünyanın aparıci neft şirkətlərində işgüzar proseslərin idarə olunması sahəsində müsbət təcrübəni öyrənməkdə kömək göstərəcək. Həmçinin, ölkə sənayesinin yüksək keyfiyyətli mütəxəssislərlə təmin edilməsi kimi vacib məqsədə nail olmaq üçün imkan yaradacaq. BANM və SAP Universitetlər Alyansı arasında əməkdaşlıq auditoriya şəraitində və onlayn rejimdə mühazirələrin, ustad dərslərinin keçirilməsini, SAP mütəxəssisləri tərəfindən təqdimatların təşkilini, şirkətin yaratdığı platforma və texnologiyalara girişi nəzərdə tutur. Tələbələr təlim və müsabiqələr zamanı biliklərini göstərə biləcəklər. Həmçinin tələbələr üçün sahibkarlıq üzrə proqramların, elmi seminar və simpoziumların təşkili planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Ali_Neft_Mektebinde_SAP_sirketinin_regional_Telim_Merkezi_yaradilir-917776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR