Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç bir ölkənin ərazi bütövlüyündən az əhəmiyyət daşımır

19:03 12 Yanvar 2016
8 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub.
Dövlətimizin başçısı bildirib ki, Ermənistan sülh istəmir, status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir.
“Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Burada əlbəttə ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Azərbaycanın öz mövqeyini bundan sonra da müdafiə edəcəyini vurğulayan dövlətimizin başçısı deyib: “Bizim mövqe beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Onu da qeyd etməliyəm ki, postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Ancaq işğala məruz qalan postsovet məkanının digər ölkələri, onların vəziyyəti ilə bağlı bəzi hallarda ərazi bütövlüyü haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni əhəmiyyət daşıyır. Heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət daşımır və bizim ərazi bütövlüyümüz bərpa edilməlidir”.
Prezident vurğulayıb ki, biz bu məsələni bütün beynəlxalq tribunalarda qaldırırıq və qaldıracağıq, diplomatik və siyasi səylərimizi artıracağıq. Ermənistanı bundan sonra da bu bölgədə bütün layihələrdən kənarda saxlayacağıq, öz hərbi gücümüzü artıracağıq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Azerbaycanin_erazi_butovluyu_hech_bir_olkenin_erazi_butovluyunden_az_ehemiyyet_dasimir-917863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR