Azərbaycan Bəstəkarlar İttifaqı cari ilin birinci yarısına dair tədbirlər planını təsdiq edib

Azərbaycan Bəstəkarlar İttifaqı cari ilin birinci yarısına dair tədbirlər planını təsdiq edib
19:13 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) 2016-cı ilin ilk yarısında bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.
ABİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəzərdə tutulan plana əsasən yanvarın 20-də R.Behbudov adına Mahnı Teatrında qanlı yanvar faciəsinə ilə bağlı matəm konserti təşkil olunacaq. Tədbir beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin rəhbərlik etdiyi, ABİ-nin “Baku- Sinfonietta” orkestrinin iştirakı ilə baş tutacaq. Proqramda klassik musiqi, o cümlədən, Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.
Yanvarın 29-da M.Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycanın əməkdar incəsənət xadimi Mobil Babayevin 70-ci illiyinə həsr olunan simfonik və oratoriya musiqi konserti keçiriləcək. Tanınmış bəstəkarın əsərlərini Ü.Hacıbəyli adına Dövlət simfonik orkestr və dövlət xor kapellası səsləndirəcək. Orkestri dirijor, Xalq Artisti Fəxrəddin Kərimov idarə edəcək.
Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günündə Azərbaycan Bəstəkarlar İttifaqının katibliyinin təntənəli toplantısı keçiriləcək, axşam saatlarında isə Dövlət Filarmoniyasında dahi bəstəkarın əsərləri səsləndiriləcək.
Sonra ABİ tərəfindən tanınmış bəstəkarlar, Əməkdar incəsənət xadimləri Həsən Adıgözəlzadə, Azər Dadaşov, Tahir Əkbərin 70-ci illikləri qeyd olunacaq. Həmçinin Əməkdar incəsənət xadimləri Qəmbər Hüseynli, Zakir Bağırov və Ədilə Hüseynzadənin 100 illiyinə həsr olunan yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.
Cari ilin aprel ayında Gənc Bəstəkarlarin Musiqi Plenumu planlaşdırılır. Plenum çərçivəsində üç günlük festival keçiriləcək, o cümlədən dinləmə və diskussiyalar təşkil olunacaq. Eyni zamanda apreldə Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə bağlı müsabiqəyə start veriləcək.
May ayında ümummilli lider Heydər Əliyevin doğum günü ABİ tərəfindən silsilə tədbirlər şəklində qeyd olunacaq, konsertlər, konfranslar, eləcə də Ulu Öndərə həsr olunan yeni bəstələrin dinlənilməsi baş tutacaq.
İyunun 15-də, Milli Qurtuluş Günü münasibətilə, Ü.Hacıbəyli adına konsert zalında Bakının musiqi məktəblərində təhsil alan istedadlı gənclər rəngarəng konsert proqramı ilə çıxış edəcəklər.
İlin birinci yarısına dair tədbirlər planı isə ənənəvi “İpək yolu” VII Şəki Beynəlxalq Musiqi Festivalı ilə yekunlaşacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Bestekarlar_Ittifaqi_cari_ilin_birinci_yarisina_dair_tedbirler_planini_tesdiq_edib-917871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR