Bazarda nə ucuz? - “YAŞIL BAZAR”DAN REPORTAJ

Bazarda nə ucuz? - “YAŞIL BAZAR”DAN REPORTAJ
19:44 12 Yanvar 2016
91 Sosial
Ölkə mətbuatı
A- A+

Paytaxt bazarlarında qiymətlərin formalaşmasına müxtəlif amillər təsir göstərir. Məhsulun bolluğu, ya qıtlığı olması, yerli, yaxud xarici istehsal olması qiymətin formalaşmasında əsas rol oynayır. Üstəlik Yeni İl, Novruz bayramı, Qurban bayramı ərəfəsində qiymətlər tələb-təklif qanununa uyğun olaraq dəyişir. Təbii ki, ərzaq məhsullarının qiymətinə əhalinin alıcılıq qabiliyyəti də təsir göstərir. Bəs indi bazarda qiymətlər necədir?

 

Paytaxtın "Yaşıl Bazar" deyilən ticarət mərkəzində apardığımız 1 saatlıq müşahidə nəticəsində  qiymətlərin kəskin şəkildə dəyişdiyini müşahidə etdik. Belə ki,  əlimdə gördüyünüz bu almanın qiyməti əvvəl əgər 1 manat 50 qəpik idisə, indi alıcılara 3 manata təklif olunur. 

 

Qiymətlərə Yeni İl bazarlığı da ciddi təsir göstərib. Satıcıların sözlərinə görə, həmişə Yeni İl və Novruz bayramından sonra bazarlarda alıcı problemi olur. Səbəbi söyləmək artıqdır, alıcılar bu bayramlar ərəfəsində az qala bir ay bəs edəcək qədər ərzaq alır və bir müddət bazara getməyə ehtiyac duymurlar. Bazarlarda durum bayramdan təxminən 2-3 həftə keçdikdən sonra stabilləşməyə başlayır və ciddi hadisə baş verməsə, bu stabillik növbəti bayrama qədər davam edir.

 

“Yaşil bazar”da qiymətlər mövsümə uyğundur. Mal ətinin 1 kiloqramı 7-8 manat arasında dəyişir, quzu ətinin qiyməti isə çeşidindən asılı olaraq 10-12 manatdır. Balıq məhsullarının qiyməti də növündən asılı olaraq dəyişir. Xanı balığının bir kiloqramı 6 manat, sazanın kilosu isə 8 manatdır. Toyuq ətinin qiyməti də 3 manat 50 qəpiklə 5 manat arasındadır. 

 

Yeni il ərəfəsində olan qiymətlərlə müqayisə etsək, tərəvəzlərin qiymətində elə bir dəyişiklik yoxdur. Əhalinin ən çox istifadə etdiyi tərəvəz növlərindən kartofun qiyməti yerli və xaricdən gətirilmiş mal olmasına görə dəyişir. Yerli məhsul daha bahadır, bu, Gədəbəy və ya Tovuz kartofunun daha dadlı olması, genetik modifikasiya olunmuş məhsul olmaması ilə izah olunur. Yerli kartofun baha olmasının digər səbəbi bu məhsulun daha qıt olması ilə izah edilir. Yəni, Gədəbəy və ya Tovuzda əkilib-becərilən kartof Azərbaycan vətəndaşlarının tələbatının heç 50 faiz təmin edə bilmir, bu səbəbdən də ilin istənilən dövründə bu məhsul öz xarici “həmkarlarına” görə baha olur. Hazırda bazarda yerli istehsal olunan kartof məhsullarının qiyməti 1.30 – 1.50 arasında dəyişir. Rusiya, İran və Türkiyədən gətirilmiş, dad keyfiyyətinə görə daha aşağı hesab olunan kartofun qiyməti isə 1 - 1.20 manatdır.

 

Gündəlik rasionumuzda qızardılmış, yaxud çiy formada istifadə etdiyimiz soğanın qiymət də mövsümi qiymətə uyğundur. Hazırda yerli soğanın qiyməti ölçüsündən asılı olaraq 80 qəpiklə 1 manat arasındadır. Qeyri-mövsümi tərəvəz məhsullarından pomidor 2 manat 50 qəpik, xiyar 3-4 manatdır. Bu məhsulların qiymətinin yay fəslinə nisbətən baha olması onların qışda istixanalarda yetişdirilməsi ilə izah olunur. Bu halda məhsulun yetişdirilməsinə sərf olunan enerji xərcləri də sonda tərəvəzin maya dəyərinə oturur.

 

Meyvələrə gəldikdə isə, qış fəsli meyvələrin ən qıt olduğu fəsildir. Payızda həm ucuzluğu, həm dadı ilə bizləri sevindirən nar və heyva, artıq qıtlaşıb, bu isə meyvələrin qiymətinə avtomatik təsir göstərir. Bazar belədir, tələb çox, təklif az olduqda qiymət mütləq qalxır. Hazırda paytaxt bazarlarında narın qiyməti sortundan asılı olaraq 3-6 manat, heyvanın qiyməti isə 2 manat 50 qəpikdir. Müşahidələrimiz bazarda yerli heyva sortlarının az olduğunu göstərir, heyva əsasən qonşu Türkiyə və İrandan gətirilir və təbii olaraq nəqliyyat xərcləri qiymətin bahalaşmasına təsirsiz ötüşmür.

 

İlin istənilən dövründə bazarlardan əksik olmayan, həm yay, həm qış sortları məşhur olan alma və armudun qiyməti isə 1-20 - 2.50 arasında dəyişir. Bazarda yerli sort alma-armudla yanaşı, xaricdən gətirilmiş bahalı sortlar da çoxdur. Satıcılar bazarda bahalı sortların meydan sulamasının əslində yerli alma sortlarının xeyrinə olduğunu deyir. Xarici alma sortları keyfiyyəti və xarici görünüşü ilə yerli sortlardan üstün olsa da, qiymətdə yerli almalara uduzurlar. 

 

Necə deyərlər, bazar olsun! 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR