Ünvanlı sosial yardımların təyinatı üzrə avtomatlaşdırılmış sistem istismara hazırlanır

Ünvanlı sosial yardımların təyinatı üzrə avtomatlaşdırılmış sistem istismara hazırlanır
20:03 12 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+


Bakı,12 yanvar, AZƏRTAC
Bu il ünvanlı sosial yardımların təyinatı üzrə avtomatlaşdırılmış sisteminin istismara verilməsi planlaşdırılır. Sosial yardımın ünvanlanması prosesi Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə aparılacaq. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), “Elektron hökumət" portalı və mobil operatorlar tərəfindən müvafiq servislər hazırlanır.
Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə "E-hökumət” portalı dövlət qurumlarının informasiya resurslarına çıxışını təmin edəcək. Məqsəd vətəndaşın maddi-məişət şəraitinin düzgün dəyərləndirilməsi üçün, onun ödəniş qabiliyyətinin müəyyənləşdirilməsidir. Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciətçinin illik mobil ödənişlərinin portal üzərindən müəyyənləşdirilməsi nəzərdə tutulur.
Portala qoşulan bu sistemlər vasitəsilə ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşın gəlirləri, hətta aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmə aparılacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək. Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Bundan əlavə, bank barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci 23 fevral tarixli Fərmanı əsasında ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsinə başlanılıb. Vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışını təmin edəcək bu proses aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unvanli_sosial_yardimlarin_teyinati_uzre_avtomatlasdirilmis_sistem_istismara_hazirlanir-917893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR