“Qanlı Yanvar” Nizami rayonunda nümayiş olunub

20:13 12 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC 
İyirmi Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və ANS Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə “ANS Müstəqil Yayım və Media Şirkəti”nin sifarişi ilə istehsal olunan “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilib.
Beynəlxalq aktyor heyətinin iştirak etdiyi və təxminən 2 saat 10 dəqiqə davam edən “Qanlı Yanvar” bədii filmində Azərbaycanın ən yeni tarixinin şanlı məqamları əksini tapıb. Filmdə Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin 20 Yanvar səhifəsi bədii təcəssümünü tapıb. Ekran əsərində 1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisələr bir azərbaycanlı ailəsinin - Nərimanovlar ailəsinin gözü ilə göstərilib.
Nümayişdən sonra çıxış edən baş rol ifaçıları Tamilla Həmidova və Azər Aydəmir çəkiliş prosesindən danışıb, tamaşaçıların suallarını cavablandırıblar.
Filmin gənclərimizin maarifləndirilməsində mühüm rol oynayacağını deyən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bu ekran əsərinin bizə həmin hadisələrin dəhşətlərini bir daha xatırlatdığını bildirib.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin qəhrəmanlıq səhifələrindən biridir. O deyib ki, məhz 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü başa düşdü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına inamını birdəfəlik itirdi.
Qeyd edilib ki, bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük ehtiramla yad edir, onların igidliyini yüksək qiymətləndirir.
Sonda “Yaddaş”, “Xoca”, “Seçilən” və “Bulağıstan” filmləri ilə müasir Azərbaycanın kino sənayesinə töhfələrini vermiş, xalqımızın qəhrəmanlıq salnaməsini dünyaya nümayiş etdirən, Rusiya, Estoniya, Braziliya, Hindistan kimi ölkələrdə, Monreal, “Qoa” və “Black nights” beynəlxalq film festivallarında göstərilən və mükafatlandırılan “Qanlı Yanvar” filminin rejissoru, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və qurumun vitse-prezidenti Mirşahin Ağayev YAP Nizami rayon təşkilatının Fəxri fərmanları ilə təltif ediliblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_Yanvar_Nizami_rayonunda_numayis_olunub-917896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR