İstanbulda törədilən terror aktının şahidləri deyirlər ki, ətraf ərazi bir anda qan gölünə çevrildi

İstanbulda törədilən terror aktının şahidləri deyirlər ki, ətraf ərazi bir anda qan gölünə çevrildi
22:18 12 Yanvar 2016
70 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 12 yanvar, AZƏRTAC
Xəbər verdiyimiz kimi, yanvarın 12-də Bakı vaxtı ilə saat 12:20-də İstanbulun Sultan Ahmet rayonunda baş vermiş partlayışda 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Türkiyə hökuməti terrorla bağlı fövqəladə iclas keçirib.
Rəsmi məlumatlara görə, qanlı aksiyanı Suriya ərazisindən Türkiyəyə daxil olan 1988-ci il təvəllüdlü, İŞİD terror qruplaşmasının üzvü, terrorçu-intiharçı Nabil Fadlı tərəfindən törədilib. N.Fadlının adı Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan terrorçular siyahısında olmayıb. Terrorçu-intiharçı Türkiyədə qaçqın kimi qeydiyyatda olub.
Hadisə barədə gördüklərini AZƏRTAC-ın müxbiri ilə bölüşən tramvayın “Sultan Ahmed” stansiyası yaxınlığında işləyən Xəlil İbrahim Pəltək və Yasin Behrud bildiriblər ki, dəhşət saçan bu terror bir an içində ətrafdakı insanları vahimələndirdi. Ətraf qan gölü idi. Əcnəbilərin ən çox maraq göstərdikləri bu ərazidə terror törətmək Türkiyəyə qarşı ən böyük düşmənçilikdir.
Qeyd edək ki, həlak olanların əksəriyyətinin Almaniya vətəndaşları olduqları müəyyən edilib. Hadisə ilə əlaqədar Türkiyənin Baş naziri Əhməd Davudoğlu Almaniya Kansleri Angela Merkelə telefonla zəng edərək başsağlığı verib.
Terror aktının məhz nə üçün Sultan Ahmed rayonunda törədilməsi ilə bağlı bir sıra versiyalar irəli sürülüb. Nəzərə almaq lazımdır ki, ötən il də bu ərazidə terror aktları törədilmişdi. Ümumi rəy belədir ki, Türkiyəyə qarşı olan terrorçu təşkilatlar bu ölkənin iqtisadi inkişafına sarsıdıcı zərbə vurmağı qərara alıblar. Belə ki, Sultan Ahmed rayonu İstanbulun ən qədim abidələrinin yerləşdiyi ərazilərdən biridir. Burada təkcə turistlərin yox, rəsmi qonaqların da ziyarət etdikləri abidələr, ibadət yerləri vardır. Digər bir hədəf isə Türkiyənin Yaxın Şərq bölgəsindən olan qaçqınlara böyük humanistlik nümayiş etdirməsinin nəticəsini heçə endirməkdir. Ərəb ölkələrindən olan terrorçuları Türkiyəyə istiqamətləndirən qüvvələr yerli əhali ilə qaçqınlar arasında gərginlik yaratmaqda da maraqlıdırlar. Çünki Suriya böhranından sonra ən çox qaçqın qəbul edən Türkiyə tərəfi Avropa ölkələrini miqrant məsələsinə biganəlikdə qınamaqdadır.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_toredilen_terror_aktinin_sahidleri_deyirler_ki_etraf_erazi_bir_anda_qan_golune_chevrildi-917933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR