Azərbaycanın pul qazanacağı yeni bazarlar

Azərbaycanın pul qazanacağı yeni bazarlar
10:11 13 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

“İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır”.

ANS PRESS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı deyib.

Prezidenti bildirib ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq. Əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir.

"Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Rusiyada bizim məhsullara indi daha çox tələbat var. Biz bu tələbatı təmin etməliyik və Rusiya bazarına daha da böyük məhsulla çıxmalıyıq. Eyni zamanda, Qazaxıstanda müasir logistika mərkəzi tikilib, demək olar ki, hazırdır. Yaxın vaxtlarda biz ərzaq məhsullarımızı Qazaxıstana da ixrac etməyə başlayacağıq. Yaxın Şərq ölkələri bizim məhsullarımızla maraqlanırlar."-deyə dövlət başçısı əlavə edib.

Regionda baş verən son hadisələr və neftin qiymətinin enməsi dövlətləri yeni istehsal sahələri yaratmağa sövq edir. Azərbaycanda kənd təsərrüfati məhsullarının ixracatçılarından biridir. Ötən ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafına 568 milyon manat ayrılıdığı halda, 2016-cı ilin bu rəqəm 570 milyon manatdan çoxdur.


Nazirlər Kabinetinin iclası


Rəqəmlərdən görünür ki, neft gəlirlərinin azalmasına baxmayaraq dövlət büdcəsində kənd təsərrüfatnın inkişafında xüsusi diqqət ayrılıb. Əsas məqsəd isə kənd təsərrüfatı məhsulları ilə ölkə daxilini təmin etməklə yanaşı ixracatı da artırmaqdır.



İqtisadi Təqdiqatlar Mərkəzində Aqrar departamentinin rəhbəri Vahid Məhərrəmovun sözlərinə görə, istehsalı artırıb, ixracqabiliyyətli etmək üçün ilk növbədə Azərbaycan öz daxili təlabatını ödəməlidir.

“Bu gün Azərbaycanın kənd təsarrüfatında əsas problem istehsalın az, məhsulun maya dəyərinin yüksək olması ilə bağlıdır. Buna görə bizim istehsal etdiyimiz məhsul rəqabətqabiliyyətli deyil. Kənd təsarrüfatının inkişafı üçün keyfiyyətli məhsulla yanaşı, istehsal həcmini artırmaq və məhsulun maya dəyərini aşağı salmaq lazımdır”.


Vahid Məhərrəmov - İqtisadi Təqdiqatlar Mərkəzində Aqrar departamentinin rəhbəri


V.Məhərrəmov bildirdi ki, bu işləri görmək üçün Azərbaycan hökuməti bir sıra tədbirlər həyata keçirməlidir.

“Regionların torpaq - iqlim şəraiti, bölgələrdə yaşayan insanların bacarığı və təcrübəsi nəzərə alınmaqla yanaşı,istehsal olunacaq məhsulların hansı bazara çıxarılacağı mütləq nəzərə alınmalıdır. Əgər istehsal üçün xammalı xaricdən gətirsək, o zaman məhsulun maya dəyərini aşağı salmaq mümkün olmayacaq. Ona görə də mütləq Azərbaycanda yüksək keyfiyyətli toxum, gübrə və digər kənd təsarrüfatında istifadə olunan xammal istehsal olunmalıdır”,-deyə aqrar mütəxəssis bildirdi.

Prezident İlham Əliyev 2015-ci ili Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etmişdi. Ötən il əkinəyararlı torpaqların istifadəsi qaydalarının müəyyən edilməsi ilə bağlı bir sıra addımlar atıldı. Dövlət fermerlər və kənd təsərrüfatı məhsullarını istehsal edənlər üçün bir sıra güzəştlər müəyyən etdi.

Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, Azərbaycan kartof, meyvə və tərəvəz məhsullarının istehsalında tam özünü təmin edir.

“Bu kənd təsarrüfatı məhsulları həmçinin ixrac da edilir. Kənd təsərrüfatının inkişafında qarşıda duran əsas vəzifələrdə biri də bitkiçilik, heyvandarlıq məhsulları ilə həm ölkə daxilini təmin etmək, həm də ixrac etməkdir. Azərbacanın torpaq-iqlim şəraiti imkan verir ki, daha çox məhsul istehsal edək. Qarşıda duran əsas məqsədlərdən biri də eməl sənayesinin inkişaf etdirilməsidir”.


Murtuzəli Hacıyev - Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri


M.Hacıyev bildirdi ki, artıq kənd təsarrüfatının inkişaf strategiyası hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. “Strategiyada 2015-2020-ci illərdə inkişaf planı öz əksini tapıb. "Həmin strategiyada kənd təsarrüfatının inkişafı üçün hədəflər, inkişafın həyata keçirilmə metodologiyası, hansı məlhələlər, strateji prinsiplər və istehsalçıların əsas problemləri təhlil olunub. Strategiya layihəsi Nazirlər Kabinetinin müzakirəsindədir ”,-deyə nazirlik rəsmisi bildirdi.

Strategiyanın olması isə görülən işlərin daha məqsədyönlü və planlı həyata keçirilməsinə əlavə köməkdir. Regionda baş verənlər Azərbaycana istehsal sahəsində potensialını artırmağa imkan verir. Bu inkişaf üçün isə Azərbaycanın imkanları çox böyükdür. Hazırda dövlət tərəfində lazımi tədbirlər görülür və iqtisadi gəlirlərin azalmasına baxmayaraq, Azərbaycanın ərzaq təhlükəsizliyinə böyük önəm verilir. Müvafiq qurumların qarşısında duran ən böyük vəzifə isə yaradılan şəraitdən və ayrılan maliyyə vəsaitlərində planlı istifadə etməkdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR