İmperiya qalmaqallı təmirə başlayır - VİDEO - FOTO

İmperiya qalmaqallı təmirə başlayır - VİDEO - FOTO
11:22 13 Yanvar 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

"Çağdaş dünyada dəyişikliklər tempi bundan sonra yalnız sürətlənəcək. Ona görə də ABŞ öz siyasi sistemini "təmir" etməlidir".

ABŞ prezidenti Barak Obama Konqresə ünvanladığı "Ölkəyə müraciət" (State of the Union Address) çıxışında belə deyib.
İkinci səlahiyyət müddəti gələn il başa çatacaq Barak Obama Ağ Evi tərk edəcəyindən bu müraciət onun üçün prezident postunda sonuncudur. 
Barak Obama Konqresdə nitqinə başlamazdan əvvəl Ağ Ev onun çıxışlarının tezislərini yaymışdı.
Konqresmenlər və senatorlar qarşısında tribunada olan Obama siyasətçilərin indiki nəslini sülh və stabillik içində bir planeti miras qoymağa çağırıb.
Onun fikrincə, belə məqsədə çatmaq olar.

Dəyişikliklər zamanıdır

Birləşmiş Ştatların liderinin dediyinə görə, hamımız dayanıqlı və adət etdiyimiz həyat tərzini dəyişən ekstraordinar dəyişikliklər dövründə yaşayırıq.
"Bu dəyişikliklər səhiyyə sahəsində sıçrayışlarla yanaşı, iqtisadi çaxnaşmalar da vəd edir. Dəyişikliklər özlərində əlverişli imkanların artımı ilə yanaşı, bərabərsizliyin güclənməsini də ehtiva edir. Xoşumuzun gəlib-gəlmədiyindən asılı olmayaraq dəyişikliklərin templəri və miqyasları bundan sonra daha da sürətlənəcək", - B.Obama söyləyib.

Onun sözlərinə görə, Amerika əvvəllər də böyük dəyişikliklər mərhələsindən keçib: "Savaşlar, Böyük Depressiya, mühacirlərin axını, vətəndaş hüquqları uğrunda mübarizənin genişlənməsi, əmək şərtlərinin yaxşılaşdırılması tələbləri - bunların hamısı olub. Hər dəfə də bizi gələcəkdən qorxmağa, dəyişikliklərin templərini aşağı salmağa çağıranlar vardı. Amma biz yeniliklərə meylli olduğumuzdan yeni üsullarla işlədik, dəyişikliklərin bizə işləməsinə nail olduq. Məhz bunun sayəsində Amerika əvvəlki dövrlərlə müqayisədə daha güclü və yaxşı oldu".

Ukrayna və Suriya

Barak Obamanın qənaətinə görə, Rusiya Ukrayna və Suriyada təsir imkanlarını, nüfuzunu itirir.
"Rusiya iqtisadiyyatı zəifləməkdə olsa da, bu ölkə təsir dairəsindən çıxan Suriya və Ukraynanı "itirməmək" üçün böyük pullar xərcləyir. ABŞ demokratiyanı qorumaq üçün Ukraynaya yardım edir".

İŞİD-ə qarşı savaş

ABŞ prezidentinin fikrincə, Konqres amerikalı hərbçilərdən ölkə xaricində İŞİD-ə qarşı mübarizədə istifadə olunmasına icazə verməlidir: "Əgər Konqres terrorizmlə savaşda qalib gəlmək niyyətində ciddidirsə və bütün dünyadakı hərbçilərimizə siqnal vermək istəyirsə, İŞİD-ə qarşı silahlı qüvvələrimizdən istifadəyə icazə verməlidir. Səs verin, çəkinməyin. Konqres belə qərar qəbul etməsə də, ABŞ bütün dünyada terrorizmlə mübarizəni davam etdirəcək".

Dünyanın lideri kimdir?

Barak Obama hesab edir ki, dünya birliyi lider dövlət qismində Çin və ya Rusiyanı yox, ABŞ-ı görür.

"Məsələ fövqəladə dərəcədə əhəmiyyətli beynəlxalq məsələlərə çatanda, dünyadakı insanlar onları Pekin və ya Moskvanın harasa aparmalarını istəmirlər. İnsanlar bizi çağırırlar", - B.Obama söyləyib.

Üçüncü Dünya Müharibəsi?

ABŞ prezidenti terror təhlükəsini real dəyərləndirmədiyi ilə bağlı ünvanına səslənən tənqidlərə də cavab verib.

"Evlərində və ya qarajlarında terror aktına hazırlaşanlar çox təhlükəlidirlər. Belələrinin qarşısı alınmalıdır. Lakin həmin adamlar dövlətimizin varlığına təhlükə deyillər. Üçüncü Dünya Müharibəsi barədə danışanlar əslində imkanlarını artırmağa çalışan ekstremistləri ruhlandırırlar. İŞİD-ə gəlincə... İŞİD əslində məhv olunmalı, kökləri kəsilməli, yox edilməli qatillər və fanatiklər yığınıdır", - B.Obama söyləyib.

ABŞ dünya jandarmı deyil?

"Lider mövqelərini qoruyan ABŞ dünya dövlətlərinə saymazyana yanaşaraq dünya jandarmı olmamalıdır. Bu, terrorizmlə mübarizə və dağılan cəmiyyətlərin bərpası məsələlərinə aid deyil. Liderlik hərbi qüvvədən rasional istifadə və dünya birliyini arxanca dürüst istiqamətdə aparmaq, dünya jandarmına çevrilməməkdir. ABŞ-da iqtisadi böhranla bağlı deyilənlər də siyasi naqqallıqdır", - Barak Obama söyləyib.

Onun sözlərinə görə, ABŞ ən qüdrətli, silahlı qüvvələrinə ondan sonrakı 8 ölkənin toplam xərclərindən daha çox pul sərf edən dövlətdir. Bu səbəbdən də heç bir ölkə bizə və ya müttəfiqlərimizə hücum edə bilməyəcək. Çünki darmadağın ediləcəyini bilir".

Obama danışdı, respublikaçılar narazı qaldılar

ABŞ prezidenti Barak Obama "bəzi konqresmenlər və senatorlar yerlərində çox qalıblar, çox sosial imtiyazlar alırlar" deyəndə respublikaçı konqresmenlərlə senatorlar hiddətləniblər.

Obama deyib: "Amerikalıların sosial müdafiə məsələsində problemlər hələ də qalır. Bizə minimal təhlükəsizlik hissi verən imtiyazlar və müdafiə gərəkdir. Burada 30 il ərzində yeni yerdə, eyni vəzifədə işləyən, səhiyyə sığortası və təqaüdlə təmin olunan insanlar otururlar. Yerdə qalan amerikalılar, xüsusilə də yaşları 40-50-dən artıq olanlar təqaüd üçün pul yığmalıdırlar. Üstəlik, işsiz qalmaq da problemdir. Nümayəndələr Palatasına konqresmenlər 2 ilə, senatorlar isə 6 ilə seçilirlər. Lakin burada eyni dairədən onillər boyu seçilən adamlar az deyil".

Respublika Partiyası ABŞ prezidentini boşboğazlıqda suçlayıb.

Cənubi Karolina ştatının qubernatoru, respublikaçı Nikki Heyli deyib: "Barak Obama gəlişigözəl, bəlağətli sözlərlə danışmağı sevir. Bədbəxtlik odur ki, Obamanın uğurları onun gurultulu nitqlərinə uyğun gəlmir. Ən pisi isə budur ki, 2001-ci ilin sentyabrın 11-dən bəri ən ağır terror təhlükəsi ilə üzləşmişik. Bu prezident isə ya bu təhlükənin öhdəsindən gəlmək istəmir, ya da gələ bilmir".

Elçin Alıoğlu
Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/397450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR