Bakının ilkin mənzil bazarında qiymətlər azalıb

Bakının ilkin mənzil bazarında qiymətlər azalıb
11:22 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında 2015-ci ilin dekabr ayında satışa təklif olunan tam təmirsiz (“pod mayak”) yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 968 dollar/кv.m-dən 1,03% azalaraq 958 dollar/кv.m-ə qədər, milli valyutada isə ay ərzində 1 016 manat/кv.m-dən azalaraq 1 006 manat/кv.m-də qərarlaşıb.
"Report"un “MBA Ltd.” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı hesabata əsasən verdiyi xəbərə görə, ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin 20,8% -i 700 dollar/kv.m-ə qədər olan ucuz mənzillərin payına düşür. Təklif portfelinin əksər hissəsini isə qiyməti 700-1000 dollar/kv.m aralığında olan mənzillərin payına düşür (50,3%). Qiyməti 1000-1300 dollar/kv.m aralığında olan mənzillərə düşən pay isə 12,7%-dir. Ümumi təklif portfelinin qalan 16,2%-ni isə qiyməti 1 300 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edir. Bu seqmentlərdə qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 609 dollar/kv.m, 832 dollar/kv.m, 1 091 dollar/kv.m və 1 687 dollar/kv.m-dir.
Hesabat ayında təklif portfelində satışa çıxarılan “pod mayak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edib və bu 3 rayonun ümumi təklif portfelində payı birlikdə 70,6%-ə bərabərdir.
İlkin yaşayış mənzil bazarında kv.metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, “28 May” metro stansiyasının yaxınlığında yerləşən 218 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin satışa təklif olunan ilkin qiyməti 2 800 dollar/kv.m təşkil edib. Ən ucuz mənzil isə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 58 kv.m olan 1 otaqlı yeni tikili mənzil bazara 400 dollar/kv.m qiyməti ilə təklif edilib.
Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Nərimanov, Sabunçu və Xətai rayonlarında azalıb, Suraxanı, Nəsimi, Yasamal və Sabunçu rayonlarında isə nisbətən artıb.
Bazarda mənzillərin orta qiymətindən (958 dollar/kv.m) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 65,9%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2,48, orta sahə göstəricisi 114,44 kv.m, hər otağın orta satış qiyməti 48 min dollar, mənzilin orta qiyməti isə 119,2 min dollar təşkil еdib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakinin-ilkin-menzil-bazari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR