“Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq

“Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq
11:23 13 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovun quruluşunda təqdim ediləcək. Tamaşanın quruluşçu rəssamı, Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq Artisti Siyavuş Kərimidir.
Tamaşada əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar Artist Əsgər Məmmədoğlu, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Həmçinin, tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurdu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsirli boyalarla təsvir edə bilib.
“Xəcalət” pyesi dünyada hökm sürən müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xecalet_drami_esasinda_hazirlanmis_eyniadli_tamasa_numayis_olunacaq-917991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR