Nazirlik: Azərbaycanda eyni vaxtda minlərlə hektarda günəbaxan, qarğıdalı, buğda əkmək olmur

14:38 13 Yanvar 2016
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycana idxal səviyyəsi nisbətən yüksək olan kənd təsərrüfatı və ərzaq məhsulları buğda, süd məhsulları, bitki yağları və şəkər üçün xammaldır. Qalan məhsulların idxal həcmi isə aşağı səviyyədədir.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 3,6 milyon ton meyvə, tərəvəz, kartof və bostan məhsulları istehsal olunduğu halda, bu məhsulların idxal həcmi 200 min tondan bir az yuxarıdır. Azərbaycandan ixrac edilən meyvə-tərəvəzin həcmi həmin məhsulların idxal həcmini 5-10 dəfə üstələyir. Ölkədə 300 min tondan yuxarı ət istehsal olunur, təqribən 30-40 min ton həcmində isə mal, qoyun və quş əti idxal olunur.

Nazirliyin şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycanda ərzaq buğdası ilə özünütəminat səviyyəsi 54 faizdir: “Bu göstəricinin 80-90 faizə çatdırılması da normal göstərici olar. Çünki bilirsiniz ki, ölkənin ərzaq buğdasına olan tələbatının təqribən yarısı qədər ehtiyatlar mövcuddur, bu ehtiyatları təmin edən infrastruktur yaradılıb. Hazırda ərzaq buğdası üzrə istehsalın artırılması, idxalın səviyyəsini azaltmaq dövlət üçün prioritetdir. Bu məqsədlə iri taxılçılıq təsərrüfatlarının yaradılması, yeni taxıl anbarlarının qurulması, keyfiyyətli buğda toxumu istehsalının artırılması və buğda əkininin stimullaşdırılması üçün büdcədən subsidiyalar verilir və güzəştli kreditlər ayrılır”.

Süd məhsulları üzrə idxal göstəricilərinin azaldılması üçün intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində yüksək məhsuldarlıqlı cins heyvandarlıq təsərrüfatlarının yaradıldığını deyən F.Fikrətzadənin sözlərinə görə, bu da nəticədə süd istehsalının artımına səbəb olmaqla, südün emalı sənayesinin inkişafı üçün stabil xammal təminatı yaradır. Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan böyük həcmdə bitki yağları xammalı idxal etsə də, mövcud sənaye potensialı hesabına bu xammal ölkədə emal edilməklə əlavə dəyər yaradılır, böyük həcmdə də ixrac olunur: “Azərbaycan torpaqları məhsuldar və keyfiyyətli olsa da, ölkəmiz adambaşına düşən torpaq ehtiyatlarına görə dünyada ən aşağı yerlərdən birini tutur. Buna görə də eyni vaxtda böyük həcmdə bitki yağları istehsal etmək üçün minlərlə hektarda günəbaxan, qarğıdalı, minlərlə hektar da buğda əkmək olmur”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR