"Iteca Caspian"ın 2015-ci ildəki sərgilərində 1883 şirkət iştirak edib

"Iteca Caspian"ın 2015-ci ildəki sərgilərində 1883 şirkət iştirak edib
14:43 13 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
2015-ci il ərzində Xəzəryanı regionun aparıcı sərgi şirkəti olan "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group Plc." şirkəti tərəfindən 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər.
"Iteca Caspian"dan AZƏRTAC-a bildiriblər ki, şirkətin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Belə ki, Azərbaycan Prezidenti İlham Əlıyev bir sıra sərgiləri, o cümlədən "AITF", "WorldFood Azerbaijan", "Caspian Oil and Gas" və "Bakutel"i ziyarət edib. Həmçinin bu sərgiləri Baş nazir Artur Rasizadə, eləcə də müvafiq sahə nazirləri və nazir müavinləri, xarici ölkələri təmsil edən 70-dən çox yüksək rütbəli şəxs ziyarət ediblər.
Sərgilərdə dünyanın 65 ölkəsini təmsil edən 1883 şirkət, habelə Azərbaycan və yaxın ölkələrdən 45 mindən artıq ziyarətçi iştirak edib. Ümumi ekspozisiya sahəsinin təxminən 40 faizini yerli şirkətlərin stendləri tutub. 2015-ci ildə dünyanın 28 ölkəsi – Almaniya, Argentina, Avstraliya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Fransa, İran, İtaliya, İspaniya, İsrail, Çin, Latviya, Litva, Malayziya, Mərakeş, Maldiv adaları, Monteneqro, Polşa, Rusiya, Sloveniya, Tailand, Türkiyə və Çexiya milli qruplarla iştirak edib.
Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Türkiyə, Rusiya və İtaliya müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Bu ölkələrin beynəlxalq sərgilərdə iştirak xərclərinin qismən subsidiyalaşdırılması üzrə dövlət proqramına Azərbaycan sərgilərinin də daxil edilməsi bu fəallığa şərait yaradır.
2015-ci ildə layihələrin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların da rolu mühüm əhəmiyyət kəsb edib. Belə ki, bu hesabat ilində sponsorlar qismində SOCAR, "BP", Qazax Sement Zavodu, "NB Group", "Eurodesign", "Bakcell", "Stadler", "Baker Hughes", "Türkiye Petrolleri", "Bos Shelf", "AZFEN J.V.", "Azeri M-I Drilling", "Caspian Drilling Company", "Caspian Marine Services", "Caspian Pipe Coatings", "Global Energy", "RusNeft", "Tekfen Construction", "Inpex", "Caspian Geophysical", "Cross Caspian", "Chelpipe", "Dentons", "Integraph", "Nobel Oil Upstream", "Schlumberger", "Socar AQŞ", "SOCAR Polymer", "TAP" və "Total" şirkətləri, eləcə də Ukrayna Beynəlxalq Hava Yolları çıxış edib. Tərəfdaşlar arasında "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və "Greenwich Travel Club" (rəsmi turoperator) şirkətləri, "Jumeirah Bilgah Beach Hotel Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər), habelə "AzExpoMontage" (rəsmi montajçı) və Bakı Ekspo Mərkəzi yer alır.
Bütün bu müddət ərzində sərgilərin mühüm innovativ məqamları "Yeni məhsul" kataloqunda əksini tapıb. Bir çox iştirakçılar yeni məhsul və innovasiyaları bilavasitə istehsal prosesində nümayiş etdirib ki, bu da peşəkar auditoriyanın böyük marağına səbəb olub.
Sərgilərdə "Stadler Rail Group" şirkəti və "Azərbaycan Dəmir Yolları" QSC arasında müqavilə ilə yanaşı, "Azerspace-2" peykinin orbitə buraxılması haqqında "Azərkosmos" ASC və Fransanın "Arianespace" təşkilatı arasında da müqavilə imzalanıb. Həmçinin hər bir sərgini geniş işgüzar proqram müşayiət edib və bu proqram çərçivəsində müxtəlif seminar və təqdimatlar, habelə forumlar keçirilib. Buraya Rusiyanın farmakoloji və səhiyyə sənayesinin "Rusiya – Azərbaycan: farmakologiya və səhiyyə sənayesi bu gün və sabah" mövzusunda forum-sərgisi, "Aktual kardiologiya problemləri" mövzusunda konfrans, "Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları" mövzusunda 9-cu elmi-praktiki konfrans, "Tibbi turizmin inkişafında Türkiyə Turizm Agentlikləri Assosiasiyası ("TURSAB") və Azərbaycan arasında əməkdaşlığın rolu" mövzusunda konfrans və bir sıra digər tədbirlər daxildir.
Sərgilər və bu sərgilər çərçivəsində təşkil olunan bütün tədbirlər yerli KİV və beynəlxalq agentliklər tərəfindən geniş şəkildə işıqlandırılıb. 2015-ci ildə 345-dən çox mətbuat orqanı, o cümlədən 208 xarici jurnal və portal sərgilərə informasiya dəstəyi göstərib. Həmçinin sərgilərin rəsmi "Daily News" qəzetinin 7 nömrəsi dərc edilib və hər bir sərgi ilə bağlı rəsmi kataloq nəşr olunub.
Həm eksponentlərin, həm də ziyarətçilərin rəyinə əsasən sərgilər uğurla keçib. Təşkilatçıların il ərzində keçirdikləri rəy sorğusunun nəticələrinə görə, ziyarətçilərin 95 faizi 2015-ci ildə baş tutmuş sərgilərdə mühüm görüşlər keçirib və sərgilərin nəticələrindən razı qalıblar. Beləliklə, iştirakçı şirkətlər üçün yeni müştərilər və satış bazarlarının axtarışı, eləcə də satış coğrafiyasının genişləndiilməsi baxımından sərgilərin səmərəli vasitə olduğu bir daha sübuta yetirilib. Təşkilatçıların hər sərgi üzrə orta hesabla 30 faiz təşkil edən "rebukinq" (növbəti il keçiriləcək sərgidə iştirak üçün yerlərin sifariş edilməsi) barədə məlumatları da bunu təsdiq edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotIteca_Caspian_quotin_2015_ci_ildeki_sergilerinde_1883_sirket_istirak_edib-918063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR