Göyçayda şahmatın inkişafı üçün görülən işlər uğurlu nəticələr verir

Göyçayda şahmatın inkişafı üçün görülən işlər uğurlu nəticələr verir
19:08 13 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 13 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Əsaslı təmirdən sonra istifadəyə verilən Göyçay rayon Şahmat Məktəbi bütün zəruri avadanlıqla təchiz edilib, uşaq və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə yiyələnmələri üçün maksimum şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, 1983-cü ildə istifadəyə verilən və ötən 32 il ərzində heç vaxt təmir edilmədiyi üçün bərbad hala düşən Göyçay rayon Şahmat Məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun vəsaiti ilə əsaslı şəkildə yenidən qurulub. Ötən il oktyabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən məktəb binasının birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompyuter otağı, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı da müasirliyi ilə diqqəti cəlb edir. Binanın ikinci mərtəbəsində isə dörd sinif otağı yaradılıb. Məktəbin məzunlarının və şagirdlərinin müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları kuboklar, layiq görüldükləri fəxri fərmanların nümayiş olunduğu guşə də xüsusi maraq doğurur. Hazırda məktəbdə təhsil alan 260 şagirdə şahmatın sirlərini 11 müəllim öyrədir. Məktəbdə 19 hazırlıq qrupu fəaliyyət göstərir. Məktəbin müəllimlərindən əməkdar məşqçi Kamran Salehov, ölkə çempionu, idman ustası və FİDE ustası Fənarə Babayeva, idman ustalığına namizəd, ölkə çempionu, beynəlxalq yarışların iştirakçısı Şəhanə Ağayeva, tanınmış şahmatçılar Sənan Salehov və Dəyanət Qarayevin yetirmələri dəfələrlə yerli və beynəlxalq yarışlarda mükafat qazanıblar.
Şahmat məktəbinin direktoru, idman ustalığına namizəd Elxan Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycanda şahmatın qədim ənənələri var. Bu ənənələrin davamı olaraq ölkəmiz dünya şahmat arenasında həmişə mühüm nailiyyətlər əldə edib. İdmanın bu növü ilə məşğul olan insanlarda düşünmək, hadisələri qabaqlamaq və düzgün qiymətləndirərək, onları proqnozlaşdırmaq qabiliyyəti daha üstün olur. Elxan Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-80-ci illərində respublikamızın əksər rayonlarında şahmat məktəbləri tikilib. Bu məktəblər ölkəmizdə şahmatın kütləvi xarakter almasında həlledici rol oynayıb.
Direktorun sözlərinə görə, müstəqilliyimizin ilk illərində həmin məktəblərin əksəriyyəti yararsız hala düşüb. Lakin 1993-cü ildən sonra ulu öndər Heydər Əliyev, 2003-cü ildən sonra isə Prezident İlham Əliyev yeni şahmat məktəblərinin inşasına xüsusi diqqət yetiriblər. Göyçay rayon Şahmat Məktəbinin ikimərtəbəli yeni binasının müasir və orijinal dizaynı şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Burada yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Şahmat məktəbində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.
Elxan Hüseynov son vaxtlar Göyçayda valideynlərin azyaşlı övladlarını şahmat məktəbinə həvəslə gətirməsindən və dövlətin onlar üçün yaratdığı şəraitdən bəhrələnməsindən danışarkən bildirib ki, adətən şahmat məktəbinin şagirdləri gələcəkdə təhsildə böyük uğurlar qazanaraq cəmiyyətdə layiqli yer tuturlar. Çünki şahmat zehni idman növüdür və bu sahə ilə məşğul olan insanlar fərqli düşüncəyə, bacarığa malik olurlar. Göyçayda şahmatın inkişafı üçün görülən işlər yüksək nəticələr verir.
Göyçay rayon Şahmat Məktəbində mötəbər yarışların keçirilməsi üçün də hər cür şərait yaradılıb. Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə bu ilin mart ayında Göyçayda respublika səviyyəli yarışın keçirilməsi nəzərdə tutulur. Məktəbdə eyni vaxtda 250 nəfərin iştirakı ilə şahmat yarışlarının keçirilməsi mümkündür. Bunun üçün lazımi sayda şahmat taxtaları, saat və kompyuterlər, digər invertar avadanlıqlar mövcuddur. Elxan Hüseynov onu da qeyd edib ki, Göyçay rayon Şahmat Məktəbinin kitabxanası zənginliyinə görə respublikada birinci yerdədir. Belə ki, kitabxanada şahmata aid Azərbaycan, rus və ingilis dillərində 1000-dən çox kitab mövcuddur. Məktəbin əvvəlki direktoru Qalib Məmmədovun təşəbbüsü ilə həmin kitablar toplanılıb. Bu gün də kitab fondunun daha da zənginləşdirilməsi üçün işlər görülür. Məktəbin 33 illik fəaliyyəti dövründə, ümumilikdə, 3 mindən çox şagird şahmatın sirlərinə yiyələnib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_sahmatin_inkisafi_uchun_gorulen_isler_ugurlu_neticeler_verir-918200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR