BMT nümayəndəsindən Dilqəm və Şahbazın ailələlərinə məsləhət

BMT nümayəndəsindən Dilqəm və Şahbazın ailələlərinə məsləhət
17:44 30 Dekabr 2014
201 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Rəsmiyyə Babayeva BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb.

 

APA-nın məlumatına görə, R.Babayevanın müraciəti əsasında keçirilən görüşdə Dilqəm Əsgərovla Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüş Şahbaz Quliyevin qardaşı Sahib Musayev də iştirak edib.

 

Görüşdə məqsəd “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyi və BMT QAK arasında əməkdaşlıq, D.Əsgərov və Ş.Quliyevlə bağlı məsələlərin müzakirəsi olub. R.Babayeva görüşdə bildirib ki, “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyi 12 iyul 2014-cü ildə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş  ərazidə - Kəlbəcərdə erməni hərbçiləri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Girov götürülmüş şəxslərə qarşı qondarma “Dağlıq Qarabağ” rejimi 27 oktyabr 2014-cü ildən hüquqi əsası olmayan məhkəmə başlayıb və Ermənistan mətbuatının yaydığı videogörüntülərdə həmin şəxslərin işgəncəyə məruz qaldığı aydın olub. Dekabrın 29-da isə saxta məhkəmə prosesi D.Əsgərovun ömürlük, Ş.Quliyevin 22 il azadlıqdan məhrum edilməsi barədə “hökm” verib. R.Babayeva deyib ki, Azərbaycan Cenevrə Konvensiyasına hörmətlə yanaşaraq, 2010-cu il yanvarın 10-da üçüncü ölkəyə keçmək niyyəti ilə qanunsuz olaraq Azərbaycan ərazisinə keçmiş Gevorkyan ailəsini 14 dekabr 2014-cü ildə Ermənistana qaytarıb. Gevorkyan ailəsi Bakıda  yaşadığı müddətdə Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT QAK-ın nümayəndələri onların yaşayış yerinə müntəzəm olaraq baş çəkib. R.Babayeva BMT QAK-ın Azərbaycandakı nümayəndəliyindən xahiş edib ki, azərbaycanlı girovlara qarşı bu “məhkəmə hökmü”nə qarşı obyektiv mövqe ortaya qoyulsun, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin  Azərbaycan tərəfinə qaytarılması tələb edilsin. O, bunu  beynəlxalq təşkilatlardan bütün Azərbaycan xalqının gözlədiyini vurğulayıb.

 

D.Siqurdson isə bildirib ki, o da girovlarla bağlı məsələdən narahatdır. BMT-nin bu məsələnin həlli sahəsində səlahiyyətinin olmadığını vurğulayan D.Siqurdson problemin açarını Avropa İnsan Hüquqları Məhkəməsinin verəcəyi ədalətli qərarda gördüyünü söyləyib. O, bununla bağlı D.Əsgərov və Ş.Quliyevin ailələrinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsini tövsiyə edib. S.Musayev də artıq hər iki ailənin hüquqşünasların köməyi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırladığını nəzərə çatdırıb.

 

R.Babayeva görüşdə ATƏT-in Minsk Qrupunun bu məsələdə fəaliyyətsizliyindən də şikayətlənib. D.Siqurdson da ATƏT-in Minsk Qrupunun Ş.Quliyev və D.Əsgərovla bağlı məsələdə görə biləcəyi çox işlər olduğunu, ancaq təəssüf ki, Minsk Qrupunun bu sahədə heç bir iş görmədiyini qeyd edib. 

 

Görüşdə gələn il yanvarın 5-də D.Siqurdson, BMT-nin İnsan İnsan Hüquqları üzrə Ali Baş Komissarlığında insan hüquqları üzrə milli müşavir Kamran Bağırov və R.Babayevanın bir araya gəlməsi barədə razılıq əldə olunub. Həmin görüşdə Ş.Quliyev və D.Əsgərovla bağlı məsələ ilə əlaqədar konfrans və digər tədbirlərin keçirilməsi məsələsi müzakirə olunacaq. R.Babayeva APA-ya açıqlamasında dekabrın 20-də BMT-nin İnsan Hüquqları üzrə Ali Baş Komissarlığının İşçi qruplarının elektron ünvanlarına ünvanladığı müraciətlərə dekabrın 24-də cavab gəldiyini də açıqlayıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Baş Komissarlığının İtkin düşənlər üzrə İşçi Qrupundan daxil olan məktubda bildirilib ki, Ş.Quliyev və D.Əsgərovla bağlı məsələ ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Baş Komissarlığının Qeyri-Qanuni Tutulma üzrə İşçi Qrupunun məruzəçiləri məşğul olurlar.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR