Turizm sahəsində biznes mühitinin daha da yaxşılaşdırılması prioritet məsələdir

Turizm sahəsində biznes mühitinin daha da yaxşılaşdırılması prioritet məsələdir
20:38 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, Abdulla Suvar, AZƏRTAC
Azərbaycanın təbii zənginliyi turizm biznesinin daim genişlənməsinə, ölkəmizin turistik bölgəyə çevrilməsinə əlverişli imkanlar yaradır. Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi dünya turizm bazarına inteqrasiya istiqamətində aparılan ardıcıl işlərin göstəricisidir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizmin inkişafının vacibliyini bir daha diqqətə çatdırıb, bununla bağlı müvafiq tapşırıqlar verib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov AZƏRTAC-a müsahibəsində turizm sektorunda mövcud vəziyyət və perspektivlər barədə məlumat verib.
V.Şixəmmədov deyib:
-Prezident İlham Əliyev ölkəmizin turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəçilərin cəlb olunması, viza rejiminin sadələşdirilməsi, bölgələrimizin beynəlxalq turizm regionuna çevrilməsi üçün müvafiq işlərin görülməsini mühüm vəzifə kimi qarşıya qoyub. Son illər turizm sahəsində bir sıra infrastruktur layihələri həyata keçirilir. Ümumilikdə, bu sahəyə sahibkarların artan marağının nəticəsidir ki, həm Bakı şəhərində, həm də regionlarda müxtəlif kateqoriyalar üzrə mehmanxanalar tikilib istifadəyə verilir.
Turizm sahəsində biznes mühitinin sadələşdirilməsi bu işlə məşğul olan sahibkarların stimullaşdırılması baxımından mühüm rol oynayır. Dövlət tərəfindən bu istiqamətdə də davamlı iş aparılır. Buna misal olaraq, dövlət və investorlar tərəfindən ilkin bazaları yaradılan “Şahdağ“ Turizm Mərkəzini və Qəbələdə “Tufandağ” Qış-Yay İstirahət Kompleksini göstərmək olar.
Prezident İlham Əliyevin 2015-ci il 19 oktyabr tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanına uyğun olaraq, həm turizm, həm də mehmanxana fəaliyyətləri ilə bağlı lisenziyalar ləğv edilib. Hazırda bu prosesin davamı olaraq normativ hüquqi baza yenilənməkdədir. Qarşımızda duran əsas vəzifələrdən biri müvafiq dövlət qurumları ilə birlikdə istər yerli, istərsə də xarici sahibkarların bu sahəyə marağının artırılmasıdır.
Bilirsiniz ki, Prezident İlham Əliyevin hələ ötən ilin iyul ayında Nazirlər Kabinetinin iclasında turistlərin ölkəyə cəlb olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq turistlərə verilən elektron vizaların sadələşdirilməsi prosesinə başlanılıb. Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün Mədəniyyət və Turizm və Xarici İşlər nazirlikləri birlikdə fəaliyyət planı hazırlayıb. Fəaliyyət planında vizalara baxılma müddətinin 10 gündən 5 günə endirilməsi nəzərdə tutulur. Bununla bağlı bütün lazımi hüquqi sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Düşünürük ki, yaxın zamanlarda bu məsələ öz müsbət həllini tapacaq və turistlər ölkəmizə daha rahat şəkildə gələ biləcəklər. Məlumat üçün onu da deyim ki, dövlətimizin başçısının tapşırığı ilə hələ 2013-cü ildən elektron turist vizasının tətbiqinə başlanılıb. Ötən müddətdə 50 minə yaxın əcnəbi vətəndaş bu imkandan yararlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin Xarici İşlər Nazirliyi ilə birgə hazırladığı fəaliyyət planının davamı olaraq, ötən il noyabrın 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlər üçün hava limanında sadələşdirilmiş qaydada viza rejimi tətbiq edilir. Bu prosedurun turistlərin cəlb olunması baxımından ölkəmiz üçün prioritet hesab olunan digər ölkələr üçün də tətbiq edilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turizm_sahesinde_biznes_muhitinin_daha_da_yaxsilasdirilmasi_prioritet_meseledir-918246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR