Fuad Muradov: " Dövlət qurumlarımız ciddi nəticə çıxarmalıdırlar" - MÜSAHİBƏ

Fuad Muradov: " Dövlət qurumlarımız ciddi nəticə çıxarmalıdırlar" - MÜSAHİBƏ
23:24 13 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun APA-ya müsahibəsi.

 

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında manatın devalvasiyası və süni bahalaşma məsələsinə toxundu, tapşırıqlar verdi. Siz ölkədə yaranmış mövcud durumu necə dəyərləndirirsiniz?

 

- Dövlət başçısı həmişə olduğu kimi xalqın, insanların marağı, ölkədə ictimai-siyasi proseslərin düzgün istiqamətdə getməsi ilə bağlı öz fikirlərini bildirdi. Prezidentin bütün çıxışları xalqın marağından irəli gəlir və xalq da prezidentin fəaliyyətini yüksək qiymətləndirir. Nazirlər Kabinetinin son iclasında da prezident ciddi tapşırıqlar verdi. Həmin tapşırıqlarda xüsusi olaraq süni bahalaşmanı həyata keçirən, ajiotaj yaradanlarla bağlı məsələ vurğulanıb. 2008-ci ildə dünyada böhran yaşananda inkişaf etmiş ölkələrdə, ətraf ölkələrdə böhran vardı. Azərbaycanın imkanları vardı və vətəndaşlarımız o böhranı hiss etmədi. Halbuki o zaman artıq proses başlamışdı. Biz vəziyyəti real qiymətləndirməliyik. O vaxt ölkənin imkanlarından istifadə edərək imkan verilmədi ki, böhran Azərbaycana gəlsin, vətəndaşlar bunu hiss etsinlər. İndi böhran artıq bütün dünyanı bürüyüb. Bu gün nəhəng dövlətlər, neft şirkətləri pis vəziyyətlə üzləşiblər. Təəssüflər olsun ki, Azərbaycanda bəzi qruplar var, onlar yaranmış vəziyyətdən sui-istifadə edirlər. Burada müxtəlif maraqlar, həm siyasi, həm müəyyən gəlirlər əldə etmək maraqları var. Prezident açıq şəkildə bəyan etdi ki, artıq bu maraqlar cinayət şəkilinə keçir. Yəni qəsdən camaat arasında təşviş salmaqdan söhbət gedir. Bəzi ərzaqlar var ki, Azərbaycanda istehsal edilir. O halda suallar yaranır. Prezident illərdir ki, investisiyaları, sahibkarlığın inkişafını dəstəkləyir. Sahibkarlığa Kömək Milli Fondu həm xammalın istehsalı, həm son ərzaq məhsullarının istehsalı, kiçik, böyük sexlərin açılması, ərzaq məhsullarının saxlanılması üçün anbarların tikintisi  ilə bağlı sahibkarlara dəstək üçün milyonlarla manat vəsait ayırıb. Amma bu gün yerli istehsal olan həmin ərzaq mallarının bahalaşdığını görürük. Bu, necə ola bilər? Deməli, burada hansısa xüsusi maraqlar var. Əgər hər hansı bir mal bahalaşırsa, Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlər əvvəlcədən çıxıb bunu bəyan etməlidirlər. Bildirməlidirlər ki, vəziyyət budur, deyək ki, hansısa məhsulun xammalı Azərbaycandadır, hansısa xammal xaricdən gəlir, buna görə də bu addımlar atılır. Amma heç kim heç nəyi izah etmir. Səhər-səhər də camaat gəlib görür ki, illər boyu Azərbaycanda istehsal edilən hər hansı ərzaq 30-70 faiz bahalaşıb. Təbii ki, bu, süni bahalaşmadır. Belə vəziyyətdə bu məsələyə cavabdeh dövlət qurumları, dövlətin investisiyalarından bəhrələnən özəl şirkətlər, səhmdar cəmiyyətlər toparlanmalıdır. Qətiyyən yol vermək olmaz ki, cəmiyyətdə, insanlar arasında narazılıq yaransın. Bu, ən vacib məsələlərdən biridir.

 

Təbii ki, müəyyən siyasi qruplar da fürsətdən istifadə edərək nəyəsə nail olmaq istəyirlər. Amma bu, əbəsdir. Azərbaycan xalqı prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Dövlət başçısı bu illər ərzində Azərbaycanın inkişafı, ən böyük məsələmiz olan ərazi bütövlüyümüzün bərpası istiqamətində bütün lazımi addımları atıb. Siyasi iradə, prezidentin mövqeyi ortadadır, tapşırıqlar da verilib. Dövlət qurumlarımız ciddi nəticə çıxarmalı və dərhal tapşırıqları yerinə yetirməlidirlər.

 

 

- Yaranmış vəziyyətdən müəyyən biznes qurumlarının sui-istifadə etdiyini, süni bahalaşmaya yol verildiyini söylədiniz. Belə hallarla mübarizə mexanizmi necə olmalıdır?  

       

- Prezident çıxışında bu məsələləri vurğuladı və bildirdi ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin hazırda bu istiqamətdə əsl işləmək zamanlarıdır. Eyni zamanda hüquq-mühafizə orqanları lazımi addımlar atmalıdırlar. Düzdür, iqtisadi göstəricilər, statistik məlumatlar var, amma vəziyyət elə ciddi deyil. Bəli, problem var, amma problem o səviyyədə deyil ki, camaat ciddi narazı qalsın. Ona görə də prezident öz tapşırıqlarını verib, bu tapşırıqlar dərhal həyata keçirilməlidir.

 

- Yeri gəlmişkən, bəzi rayonlardakı etiraz aksiyalarına münasibət necə olmalıdır?

 

- Bu aksiyaların mahiyyətinin nədən ibarət olmasına, necə başlamasına baxmaq lazımdır. Bəzi yerlərdə xüsusi olaraq araqarışdıranlar var, bəzilərində doğrudan da yerli məmurdan narazılıq yaranıb. Bunlara ayrı-ayrılıqda baxılmalı və normal qiymət verilməlidir. Düşünmürəm ki, bu aksiyalar bəzilərinin iddia etdiyi kimi hansısa zəncirvarı prosesdir. Bəzi rayonlarda sakinlərin toplaşmasına çox sakit, normal şəkildə yanaşmaq lazımdır. Araşdırmaq lazımdır ki, bu, harada hansı səbəblərə görə baş verib. Təbii ki, insanlar nədənsə narazı ola bilər. Amma narazılıq gedib küçəni bağlamaqdırsa, hüquqi dövlətdə buna yol verilə bilməz.  Biz heç vaxt imkan verməməliyik ki, qeyri-hüquqi yollara əl atılsın. Narazılıq, tələb ola bilər və bunun üçün də normal şəkildə müvafiq qurumlara müraciət etmək lazımdır. Tutaq ki, 20-30 nəfər qəbula getsin, məsələ həll olunmayandan sonra da məsələnin başqa həll yolları var. Yox, həmin qruplar sadəcə, onlara böyük diqqət olmasını istəyirlər, ümumən məqsədləri bəlli deyilsə, baxmalıyıq ki, belə halların baş verməsi kimin marağındadır. Əgər haqlı irad varsa, bunu normal şəraitdə müzakirə etmək lazımdır, belə yox.    

 

- Son zamanlar xüsusilə sosial şəbəkələrdə şayiələr yayılır, əhalinin təşviş və qorxu içində saxlanılmasına cəhdlər olur. Sizcə, belə hallara qarşı necə mübarizə aparmaq lazımdır?

 

- Sosial şəbəkələri izləyirəm, biz bu məsələyə ciddi yanaşmalıyıq. Bu yaxınlarda böyük bir məqalə yazmışam. Görürəm ki, “Facebook”da 5-10 nəfər etikadan kənara çıxır, məqaləni oxumayaraq məni bunu yazdığım üçün tənqid, təhqir edirlər. Halbuki onların heç biri mənimlə üzbəüz olanda fikirlərini sona qədər normal deyə bilmir. “Facebook”da yazırlar ki, uşaqlarla bağlı problem var, məktəblərdə oğurluq var. Məndə belə fikir yaranır ki, bu, artıq xüsusi öyrədilmiş qruplardır. Birincisi, “Facebook”də bunu yazanların əksəriyyətinin nə adı, ən atasının adı, nə də soyadı var. Hansısa bir şəkli ora qoyub, ağıllarına gələni yazırlar. Əgər sən həqiqətən belə düşünürsənsə, həqiqətən bu fikri müdafiə etmək istəyirsənsə, yaxud faktın varsa ki, hardasa cinayət baş verib, biz bununla bağlı qanun da qəbul etmişik, buyurub gəl, araşdıraq. Demək, onların məqsədi məsələnin həlli deyil, məqsədləri insanlar arasında təşviş, ajiotaj yaratmaqdır. Guya nəzarət yoxdur… Bunlar hamısı cəfəngiyatdır. Mən dəfələrlə şahidi olmuşam ki, sosial şəbəkədə 3-5 nəfər hansısa problemin olduğunu yazır.  Yazmışam ki, bu mənim telefonum, oturduğum yer, buyurun, gəlin, o məsələləri sizinlə müzakirə edək. 99 faiz o adamlar daha peyda olmur, profillər, adlar dəyişilir, yenə də Azərbaycana qarşı qarayaxmalar davam edir.  Bu, mənim özümün müşahidə etdiklərimdir. Çünki mən özüm ildə ən azı bir dəfə “Facebook” dostlarımla görüş keçirirəm, bu sosial şəbəkədəki səhifəmdə 40 minə yaxın izləyici var.  Yəni mənə “Facebook”da aydın görünür ki, harada həqiqətən problemli məsələ var, harada şayiələr var.  Axı şayiələrlə nəyə nail olmaq istəyirlər?  Yazıblar ki, cinayət artıb, evlərə hansısa vasitələrlə daxil olurlar. Axı insanların “Facebook”da belə yazması və bunu paylaşmasında məqsəd nədir? Burada məqsəd insanlar arasında qorxu yaratmaqdır.

 

Təbii ki, hüquq-mühafizə orqanlarımız bütün bunları izləyir. İnsanlarımız ayıq-sayıq olmalıdırlar. Azərbaycana qarşı dayanmadan informasiya savaşı aparılır. Torpaqlarımızın 20 faizi işğal olunub, müstəqilliyimizi istəməyənlər var. Ancaq indi hər şeyi üst-üstə qoyub demək ki, hər şeyi səhv etmişik, düzgün deyil. Biz heç bir səhv etməmişik, müstəqilliyimizin, dövlətçilik ənənələrimizin qorunub saxlanması üçün əlimizdən gələni edirik, bundan sonra da edəcəyik. Heç kimin başqa fikri olmasın ki, burada bizim hansısa başqa yanaşmamız ola bilər. Azərbaycan hakimiyyəti, prezident xalqın yanındadır, xalq da prezidentin yanındadır. Real vəziyyət budur. Haradasa problemlər varsa, onlar da həll olunan məsələlərdir.    

 

- İndiki dövrdə gənclər təşkilatlarının fəaliyyəti necə qurulmalı, qarşıya qoyulan vəzifə nədən ibarət olmalıdır?

 

-  Bu, çox yaxşı sualdır. Milli Məclisdə Gənclər və idman komitəsi yaranıb, komitə yaranan gündən bu istiqamətdə ciddi araşdırmalara, təhlillərə başlamışıq. Bir neçə istiqamət var ki, o istiqamətdə işimizi gücləndirməliyik. Bura gənclər təşkilatları da daxildir. 

 

Əsas vəzifə Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Hər bir vətəndaş davranışında, atdığı addımda düşünməlidir ki, bu, əsas problemimizin həllinə necə təsir edir. Yoxsa hardasa bir nöqsan varsa, problem hər yerdə var, hansı ölkədə problem yoxdur?! Amma hər ölkənin ərazisinin 20 faizi işğal olunmayıb. Biz hələ bu məsələləri çox araşdırırıq axı?! Ona görə də sadə vətəndaşlar, gənclər təşkilatları, xüsusən jurnalistlər və deputatlar hər bir addımımızda nəzərə almalıyıq ki, biz Böyük Ermənistan xülyası ilə yaşayan qruplara qarşı vuruşuruq. Bu, ən vacib məsələlərdən biridir. Bizim indi əsas məqsədimiz odur ki, ərazi bütövlüyümüzü bərpa edək. Bunu hər bir addımımızda nəzərə almalıyıq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR