Hamilə qadınlar bunları mütləq bilməlidir!

Hamilə qadınlar bunları mütləq bilməlidir!
23:32 13 Yanvar 2016
68 Sosial
Ölkə mətbuatı
A- A+

Hamiləlik zamanı əksər qadınlarda toksikoz inkişaf edir. Hal-hazırda tibdə "toksikoz" diaqnozu mövcud deyil və bu diaqnoz yalnız "postsovet" məkanında qoyulur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, xarici ölkələrdə hamiləliyin əvvəlində qadının sağlamlığında baş verən dəyişikliklər - ürəkbulanması, yüngül qusma, yuxululuq, halsızlıq və s. təbii sayılır və heç bir pozulmanın əlaməti kimi qiymətləndirilmir.
Hamiləliyin sonuna yaxın qadının orqanizmində bəzi patoloji dəyişiklikliər baş verə bilər. Bu dəyişikliklər "hestoz" adlanır. Bu hal qadının vacib orqan və sistemlərinin (sinir, ürək-damar və s.) ağır pozulmaları ilə müşayiət olunur.
Hestoz əksər hallarda hamiləlikdən əvvəl ciddi xroniki xəstəlikləri olan (hipertoniya, böyrək, qara ciyər, endokrin sistemi xəstəlikləri, mübadilə pozulmaları və s.) qadınlarda inkişaf edir. Lakin bəzən hestoz hətta tam sağlam qadınlarda da inkişaf edə bilər. Bu səbəbdən demək olar ki, heç bir qadın hamiləlik zamanı hestozun inkişafından sığortalanmayıb.
Çoxsaylı araşdırmalara baxmayaraq hestozun səbəbləri və mexanizmi sona kimi təyin olunmayıb. Bununla bağlı bir neçə nəzəriyyə mövcuddur.
Belə hesab olunur ki, anaları hestozdan əziyyət çəkən qadınlarda da hestozun inkişafının riski artmış olur.
Hestoz zamanı qadın orqanizmində nə baş verir?
Hestoz zamanı hamilə qadının orqanizmində bütün qan damarlarının sıxılması (spazm) baş verir, qanın laxtalanması pozulur, ürəyin fəaliyyəti zəifləyir. Bütün bunların nəticəsində orqanizmdə toxumaların qanla təchizatı pozulur və onlarda distrofik dəyişikliklər baş verir. Böyrəklər, qaraciyər, beyin kimi orqanlar orqanizmdə qan dövranının pozulmasına xüsusilə həssasdırlar. Qan dövranının kəskin pozulması bu orqanlarda geriyə dönməz patoloji dəyişikliklərə səbəb olur.
Orqanizmdə qan dövranının pozulması ciftin fəaliyyətinə də çox mənfi təsir edir. Cift dölə kifayət qədər oksigen və qidalı maddələri çatdıra bilmir ki, nəticədə döldə bətndaxili hipoksiya (oksigen çatışmazlığı) və inkişafın ləngiməsi meydana çıxır.
Hestozun 4 mərhələsi mövcuddur:
- ödemlər
- nefropatiya
- preeklampsiya
- eklampsiya.
Ödemlər görünən və gizli ola bilər. Hestozun əvvəlində ödemlər gizli olur, daha sonra isə nəzərə çarpmağa başlayır. Qeyd etmək lazımdır ki, hamiləlik zamanı ödem hestozun əlaməti olmaya bilər. Bu səbəbdən vaxtından tez qorxmayın, sizə nəzarət edən ginekoloqa müraciət edin.

Nefropatiya - böyrəklərin zədələnməsi - hamiləliyin 20-ci həftəsindən sonra inkişaf edə bilər. Nefropatiya yüngül, orta və ağır ola bilər. Nefropatiyanın əsas 3 simptomu: ödemlər, arterial təzyiqinin qalxması və sidikdə zülalın izlərinin əmələ gəlməsi (proteinuriya).
Nefropatiyanın fonunda preeklampsiya inkişaf edə bilər. Preeklampsiya təxminən 5% hamilələrdə, əsasən birinci dəfə doğan qadınlarda, inkişaf edir. Ağır nefroptatiya fonunda hamilə qadının mərkəzi sinir sistemində pozulmalar inkişaf etməyə başlayır. Bu kimi simptomlar meydana çıxır: ənsə nahiyəsində ağırlıq, baş ağrıları, ürəkbulanması, qusma, görmənin pozulması, ətrafda baş verənlərə qeyri-adekvat reaksiya.
Hestozun ən ağır mərhələsi eklampsiyadır. Eklampsiya zamanı hamilə qadında qıcolmalar baş verir. Arterial təzyiqin kəskin artması zamanı qadında baş beyində damar yırtıla bilər ki, nəticədə insult inkişaf edir. İnsult qadının həlak olmasına səbəb ola bilər. Həmçinin cift vaxtından tez qopa bilər ki, bu da dölün həlak olmasına səbəb ola bilər.
Təəssüf ki, hal hazırda hestozun ağır formalarını müalicə etmək mümkün deyil. Lakin onların qarşısını almaq mümkündür. Bunun üçün qadın hamiləliyi planlaşdırmalıdır. Qadında xroniki xəstəliklər varsa, hamiləlikdən əvvəl müalicə həkiminə müraciət etməli, lazım olduqda müalicə almalıdır.
Qadın vaxtında qadın məsləhətxanasında qeydiyyata düşməli və ginekoloqun profilaktik müayinələrindən keçməlidir. Hestozun ilk simptomlarında qadın lazım olan müayinələrdən keçməli və müalicə almalıdır. Bəzi hallarda müalicə xəstəxana şəraitində aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/397680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR