Dollar satanların “qara bazarı” belə yoxa çıxacaq

Dollar satanların “qara bazarı” belə yoxa çıxacaq
10:27 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, Bakıda valyuta dəyişmə məntəqələrinə xarici valyuta verilməməsi, obyektlərin demək olar ki, fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə valyuta dəyişmə məntəqələrinin sahiblərinə onların bağlı olduğu banklardan məlumat daxil olub. Məntəqə sahiblərinin aldığı xəbərə görə, 2016-cı ilin mart-aprel aylarına kimi Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrini bağlayacaq.


Bakıda müştərisiz qalan valyuta dəyişmə məntəqələri

Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, ölkə üzrə təxminən 2000-ə yaxın obyektin bağlanmasından söhbət gedir. Bu, baş verdikdən sonra ölkədə təxminən 900 obyektdən, yəni banklardan, onların filial və şöbələrindən xarici valyuta almaq mümkün olacaq. Əslində, bu yetərincə yüksək rəqəmdir. Müqayisə üçün 75 milyon əhalisi olan Türkiyədə cəmi 750 valyuta dəyişmə məntəqəsi varsa, 9 milyonluq Azərbaycan üçün 900 valyutadəyişmə şöbəsi yetərincə böyük rəqəmdir. Həmçinin Türkiyədə xarici valyuta almaq üçün bankların yalnız şəhərlərdəki əsas ofislərinə müraciət etmək lazımdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) aparıcı iqtisadçısı Samir Əliyev ANS PRESS-ə müsahibəsində bunun əslində müsbət addım olduğunu bildirir:

“Bununla Mərkəzi Bank valyuta alış-verişinə nəzarət edə biləcək. İndiyə kimi Azərbaycanda dollar alış-verişi həddindən sadə idi. Hər kəs istədiyi zaman istədiyi qədər xarici valyuta ala bilirdi. Amma dünyanın bir çox ölkələrində xarici valyuta almaq elə də sadə deyil. Ancaq banklardan xarici valyuta almaq olur, həm də bunun üçün elə komisyon haqqı tuturlar ki, əhali üçün pulu xarici valyutaya çevirib saxlamaq əlverişli olmur. Buna görə düşünürəm ki, Mərkəzi Bank daha sonra valyuta alış-verişindən komisyon haqları tutulması barədə qərar verəcək”.

Avropa ölkələrində dolların avroya çevrilməsi üçün əsas məbləğdən orta hesabla 6 faizə qədər pul tutulur, İtaliyada isə komisyon haqları 20 faizə qədər qalxır. Buna görə də Avropa ölkələrinə gedən turistlər avronu öz ölkələrində almağa üstünlük verirlər. Buna görə də avronun dollara nisbətən məzənnəsi daima dəyişsə də sadə insanlar bu barədə düşünmür və vəsaitlərini daima avroda saxlamağa üstünlük verirlər. Çünki onlar dollar alacaqları təqdirdə böyük məbləğdə pul itirirlər.


Samir Əliyev - İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti

Əhalinin dollar olan ifrat marağını azaltmaq üçün bu təcrübənin Azərbaycanda da tətbiqi müsbət nəticə verə bilər. İndi Azərbaycanda elə şərait yaranıb ki, hətta sadə insanlar maaşını belə bankomatlardan dollarla çəkib “qara gün” üçün saxlayır. Bu, manata təzyiqi artırmaqla yanaşı pərakəndə ticarət bazarına mənfi təsir göstərir.


Lakin Samir Əliyev bu tədbirlərin əks-təsirlərinin də olacağını söyləyir. Onun fikrincə, bu tədbirlər valyuta alış-verişində “qara bazar”ın yaranmasına səbəb ola bilər: “Mərkəzi Bank ilk öncə dollar aciotacının qarşısını almalı idi. Buna görə də prosesin mərhələli şəkildə həyata keçirilməsi vacib idi”.

Bütün bunlar qarşıdan gələn aylarda banklardan kənar valyuta-alış veriş məntəqələrinin tarixə qovuşa biləcəyini ehtimal etməyə imkan verir. Qanunvericilik Mərkəzi Bankın bu addımı atmasına imkan verir. Mərkəzi Bankın İdarə Heyətinin 29 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” buna imkan verir.


Türkiyədə cəmi 750 valyuta dəyişmə məntəqəsi var


Qaydalara görə, Mərkəzi Bank icazənin ləğv edilməsi barədə qərarı banka göndərir. Bank qərarın daxil olan günün növbəti iş günündən gec olmayaraq şöbənin fəaliyyətini dayandırır və bu barədə Mərkəzi Banka 3 iş günündən gec olmayaraq məlumat verir.

Bu məsələdə əvvəlcədən nəzərdə tutulmayan problemlər də ola bilər. Məsələn, dünya bazarında neftin barrelinin qiyməti bəzi agentliklərin proqnozlaşırdığı kimi daha aşağı düşə bilər. Ona görə də Mərkəzi Bank bütün bu amililəri nəzərə almalıdır.

Mərkəzi Bankdan ANS PRESS-ə bildirdilər ki, yaxın vaxtlarda məsələ ilə bağlı açıqlama veriləcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR