Hamiləlik depressiyasından necə xilas olmalı?

Hamiləlik depressiyasından necə xilas olmalı?
10:54 14 Yanvar 2016
40 Sosial
Ölkə mətbuatı
A- A+

Hamilə qadın neçə kq çəki almalıdır? Artıq çəkinin və depressiyanın səbəbləri...

“Hamiləlik qadının həyatında önəmli və çox məsuliyyətli bir dövrdür. Bu dönəmdə qadın tək özünün deyil, övladının da sağlamlığının məsuliyyətini dayışır”. Bu fikirləri  mama-ginekoloq Rəxşəndə Aslanova APA TV-nin “Ailə məsələsi” verilişində səsləndirib. Sağlam hamiləliyin müzakirə olunduğu verilişdə psixoloq Rəşad Rəhimbəyli də iştirak edib. Qonaqlar  mövzu ilə bağlı fikirlərini əsaslandırmağa çalışıblar. R. Aslanova bildirib ki, hamiləlik fizioloji bir haldır: “Öncə bunu vurğulayaq ki, hamiləlik xəstəlik deyil, vücudun fizioloji halıdır. Hamiləliyini bilən qadın bir sıra tibbi müayinələrdən keçməlidir. Bura qan, sidik analizləri, hormonların yoxlanılması daxildir. Ultrasəs müayinəsi də önəmlidir. Bununla hamiləliyin fizioloji cəhətdən normal, uşaqlıq daxili hamiləlik olduğu müəyyən edilir”.

Ginekoloq əlavə edib ki, hamilə qadın yoluxucu xəstəliklərdən də müayinə olunmalıdır: “ Hamımıza məlum olan hepatit, QİÇS, siflis kimi infeksiyaların analizi aparırılır. Bundan başqa dölə mənfi təsir edən başqa mikroblar da yoxlanılır. Bura ən çox yayğın olan toksoplazma , sitomeqalovirus kimi infeksiyalar daxildir”.

R.Aslanovanın sözlərinə görə, sağlam hamiləlik üçün dölə mənfi təsir edən infeksiyaların aşkara çıxarılması və müalicəsi çox vacibdir: “ Bu infeksiyaların “M” və “G” kimi iki forması var. “G” xroniki formadır. Hamilə qadında əgər toksoplazmanın “G” forması müsbətdirsə, bu o deməkdir ki, nə zamansa bu infeksiyaya yoluxub və hazırda döl üçün heç bir təhlükə daşımır. Qanında xroniki forma aşkar edilən qadınlar narahat olmasınlar. “G” infeksiyalar müalicə olunmur. Lakin əgər toksoplazma, yaxud da digər infeksiyaların “M” forması aşkar edilibsə, bu təhlükəlidir. Mütləq qadın müalicə olunmalıdır, əks halda döldə ciddi fəsadlar yarada bilər”.

R.Rəhimbəyli isə hamilə qadının psixologiyası haqqında ətraflı məlumat verib. O bildirib ki, hamiləlik dönəmində qadında müəyyən psixoloji dəyişikliklər baş verir: “Bunun bir sıra səbəbləri var. Məsələn, əgər qadın özünün, həyat yoldaşının, digər ailə üzvlərinin hamiləlik dövrünə hazır olmadığını düşünərsə, bu onda qeyri-əminlik hissi yaradır. Qeyri-əminlik isə qadında psixoloji gərginliyiə səbəb olur. Hamilə qadınların təxminən 80 faizi bu dönəmi həssas keçirir və onların əksəriyyəti hamiləlik depressiyasına düşür”

Psixoloq psixoloji gərginliyin yaranma səbəblərini də sadalayıb: “ Qadınlar hamiləliyin 0-3 aylarında daha da həssas olurlar. Çünki bu dövrdə uşağın düşmə riski yüksəkdir. Övladını itirmək qorxusu qadının psixologiyasına ciddi təsir edir. Digər tərəfdən ailədə sosial və psixoloji durumun qadını qane etməməsi, güvənsizlik, obrazların dəyişməsi də hamilənin psixologiyasında dəyişikliyə səbəb olur. Məsələn, dünənədək ər-arvad münasibətlərində olan kişi və qadın artıq ata-ana obrazlarına daxil olurlar. Münasibətlərin və həyat tərzinin dəyişməsi də qadında həssaslığı və psixoloji gərginliyi artırır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR