Qış xəstəliklərindən necə qorunmalı?

Qış xəstəliklərindən necə qorunmalı?
17:52 30 Dekabr 2014
464 Sosial
Ölkə mətbuatı
A- A+

Bu mövsümdə artan və yaxşı müalicə edilmədiyi təqdirdə ölümlə nəticələnən ən təhlükəli xəstəliklərdən biri sətəlcəmdir
Qış aylarında soyuq hava ilə əlaqəli soyuqdəymə, qrip, faringit, laringit, sinusit, orta qulaq iltihabı, bronxit, sətəlcəm kimi xəstəliklərin yoluxma halları artır. İnfeksiyalar, xüsusilə, uşaqlara, yaşlılara, hamilələrə, xroniki sağlamlıq problemləri olanlara daha çox mənfi təsir edir.

Qış ayalarında soyuq havaya uyğunlaşmaq üçün bədən daha çox enerji sərf edir. Bu enerji ehtiyacı ödənilmədiyi zaman bədən müqaviməti düşür, infeksiyalara yoluxmaq üçün əlverişli şərait yaranır. Soyuq havalar kəskin və xroniki ağciyər xəstəliklərini tətikləyir. Bronxit, astma xəstəlikləri daha çox müşahidə edilir. Bununla yanaşı, xroniki böyrək və diabet xəstələri, ürək xəstələri soyuqlardan daha çox təsirlənir. Qışda meydana gələn hava çirkliliyi və soyuq hava bu problemləri daha da böyüdür.

Həkim-terapevt Xatirə Əhmədovanın sözlərinə görə, qış mövsümündə artan və yaxşı müalicə edilmədiyi təqdirdə ölümlə nəticələn ən təhlükəli xəstəliklərdən biri sətəlcəmdir. Ağciyərlərin iltihablanması ilə müşahidə edilən xəstəlik zamanı ağciyərdə olan hava kisəcikləri iltihablı maye ilə dolur. Bunun nəticəsində ağciyərin funksiyası, oksigen alış-verişi pozulur, qanda oksigenin səviyyəsi azalır. Buna görə də hüceyrələr öz funksiyasını yerinə yetirə bilmir və xəstəlik müalicə edilmədiyi təqdirdə ölümlə nəticələnir.

Sətəlcəmə gətirib çıxaran 30-dan çox mikroorqanizm var. Sətəlcəmin əmələ gəlməsində bakteriyalar və viruslar əhəmiyyətli rol oynayır. Bakteriyalardan qaynaqlanan xəstəliklər yeni doğulmuş körpələrdən yaşlılara kimi yoluxur. Yəni bunun yaşla əlaqəsi yoxdur. "Alkoqoliklər, yeni əməliyyat olunmuş şəxslər, xroniki ağciyər və ürək xəstəliyi olanlar və immunitet sistemi zəifləmiş şəxslər daha tez sətəlcəmə yoluxurlar. Xəstəlik qızdırma, titrəmə, öskürək, sarı və ya yaşıl bəlğəm, sinə ağrısı və tez-tez tərləmə ilə müşahidə olunur. Sətəlcəmlərin bəzisi viruslardan qaynaqlanır. Viruslardan qaynaqlanan sətəlcəmlər qısa müddətdə sağalır. Qrip virusu ağır sətəlcəmə yol aça, ürək və ağciyər xəstəliyi olanlarda və hamilələrdə ölüm səbəbi belə ola bilər. Xəstəlik qızdırma, başağrısı, quru öskürək, əzələ ağrısı və halsızlıqla müşahidə edilir".

Müsahibimiz deyir ki, soyuq havalarda diqqətli olmaq, qalın geyinməli, həddən artıq tərləməməyə diqqət yetirməlidirlər. "Qışda və soyuq havada daha çox enerji qəbul etmək məsləhət görülür. Ancaq həddən artıq yağlı yemək və az hərəkət kökəlməyə də səbəb ola bilər. Buna görə də qida payları müntəzəm qəbul edilməlidir. Soyuqda xüsusilə hamilələr mövsümi xəstəliklərə tutulmamağa çalışmalı, kütləvi yerlərdən uzaq olmalı, maska ilə qorunmalıdırlar. Astma xəstəliyi olanlar dərmanlarını nizamlı şəkildə qəbul etməli, məcbur qalmadıqca çölə çıxmamalı, hava çirkliliyindən qorunmalı, soba və kömür təsirinə məruz qalmamaq üçün diqqətli olmalıdırlar. Ümumiyyətlə, mövsüm keçidləri insan orqanizminə müxtəlif təsirlər göstərir. Buna görə də hər bir insan sağlamlığının qayğısına qalmalı, özünü mövsümə hazırlamalıdır".

Bir çoxumuz payız başlayanda belə özümüzü yorğun hiss etməyə başlayırıq. Halbuki təkcə yayda deyil, bütün fəsillərdə sağlam olmaq üçün sağlamlığın qayğısına qalmaq mütləqdir. Qışda mikrobların bədənə daxil olmasının qarşısını almaq üçün təkcə bədənin qayğısına qalmaq kifayət etmir.

X.İsayevaya görə, mövsümi xətəliklər arasında ikinci yeri qrip tutur ki, bu da təhlükəli xəstəlik hesab edilir. Erkən diaqnoz və müalicə xəstəliyin ağırlaşmasının qarşısını alır və həyati təhlükəni aradan qaldırır. "Bəzən biz "qripəm, boş şeydir" deyib keçirik. Əslində isə qrip də orqanizm üçün təhlükəli xəstəliklərdən hesab edilir. Xəstəlik müddətində işə və ya məktəbə getmək məsləhət görülmür. Xəstə evdə müalicəsini almalıdır. Xəstələrdə tənəffüs problemi 3 gün davam edən qızdırma ilə müşahidə edilir".

Həkim bildirir ki, xüsusilə yaşlı insanlar xroniki ürək, ağciyər, metabolik, nevroloji xəstəliyi olanlar, hamilələr və 5 yaşından kiçik uşaqlar qripi daha ağır keçirirlər. Buna görə də onlar "risk qrupu" kimi qiymətləndirilirlər.

Qrip təkcə soyuqdəymə ilə deyil, xəstədən-xəstəyə yoluxma ilə də yayılır. Buna görə də xəstəliyə yoluxmamaq üçün xəstə ilə qucaqlaşma, öpüşmə, əl təması və hətta yanında olmaq belə məsləhət görülmür.

Xəstəliyin qarşısının alınması üçün gigiyenik qaydalara riayət etmək məsləhət görülür.

İmmunitet sistemi zəif olan uşaqlar qış xəstəliklərinə daha tez yoluxurlar. Buna görə də bütün valideynlər uşaqlarını qış xəstəliklərindən qorumağa çalışmalıdırlar. "İnfeksiyalar əsasən asqırma və öskürmə ilə yayılır. Uşaqlarda infeksiyalara ən həssas sistem tənəffüs yollarıdır. Tənəffüs yolları burun, ağız, boğaz, badamcıqlar, nəfəs borusu, bronxlar və ağciyərlərdən ibarətdir. Uşaqlarda viral infeksiya zamanı xəstədə yüngül qızdırma, halsızlıq, boğaz ağrısı, asqırma, öskürək, burun axıntısı əlamətləri müşahidə edilir. Xəstəliyin müddəti 3-7 gün arasıdır".

Sağlam uşaqlar ildə 5-6 dəfə üst tənəffüs yolu infeksiyalarına yoluxur. İnfeksiyaların artması xüsusilə payız və qış aylarında müşahidə edilir. Uşaqları viral infeksiyalardan qorumaq üçün əllərini tez-tez sabunla yumalı, xəstə insanlarla təmasa qoymamalı, qidasında vitaminlərin zənginləşdirilməsinə böyük önəm verilməlidir.

Ekspress.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR