Azərbaycan ilə İndoneziya arasında ictimai idarəetmə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə İndoneziya arasında ictimai idarəetmə sahəsində əməkdaşlıq müzakirə olunub
13:48 14 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Cakarta, 14 yanvar, AZƏRTAC 
Yanvarın 14-də Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevin İndoneziya parlamentinin Nümayəndələr Palatasının vitse-spikeri Fadli Zon ilə görüşündə ölkələrimiz arasında ictimai idarəetmə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Fadli Zon vitse-spiker olmaqla yanaşı, İndoneziyanın “Dünya parlamentariləri korrupsiyaya qarşı” (GOPAC) 6-cı konfransında qurumun sədri seçilib.
Söhbət zamanı səmərəli ictimai idarəetmə sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan səfiri qarşı tərəfə səmərəli ictimai idarəetmə sistemi kimi “ASAN xidmət” haqqında məlumat verərək bildirib ki, bu sistem şəffaflıq və məsuliyyəti təmin edərək korrupsiya üçün şəraitin aradan qaldırılmasında çox səmərəli vasitəyə çevrilib. “ASAN xidmət” mərkəzlərində dövlət qurumlarının və özəl təşkilatların 280-dən artıq xidmətinin təklif olunduğunu deyən səfir həmin mərkəzlərdə Azərbaycan mütəxəssislərinin hazırladığı proqram təminatı vasitəsilə müasir informasiya texnologiyalarının tətbiq edildiyini diqqətə çatdırıb. Eyni zamanda, qeyd edib ki, “ASAN xidmət” ictimai xidmətlərin göstərilməsində qabaqcıl model kimi artıq tanınmaqdadır və bu sahəni keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyən ölkələr üçün ən yaxşı təcrübədir. BMT Azərbaycanda yaradılmış “ASAN xidmət”i sosial sahədə ölkənin nailiyyətlərindən biri hesab edərək onu 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görüb.
Fadli Zon “ASAN xidmət” sisteminin maraq kəsb etdiyini və onun öyrənilməsinin vacibliyini qeyd edib. O, həmçinin “ASAN xidmət” təcrübəsini öyrənmək üçün ayrıca mütəxəssislərlə görüşün təşkil edilməsinin zəruriliyini bildirib.
Görüşdə Fadli Zon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanıb. Səfir T.Qarayev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü haqqında məlumat verərək bildirib ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsi və digər yeddi rayonu daxil olmaqla 20 faiz ərazisi Ermənistan tərəfindən işğalı edilib. Bu təcavüzün nəticəsində bir milyondan artıq mülki azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistan destruktiv mövqedən çıxış edir və danışıqları əngəlləməyə çalışır. Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin icra olunmasına vadar edilməlidir.
Fadlı Zon vurğulayıb ki, 2015-ci ildə Ermənistan prezidenti tərəfindən qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirə dəvət məktubu alsa da, bu ölkəyə səfər etməyib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Indoneziya_arasinda_ictimai_idareetme_sahesinde_emekdasliq_muzakire_olunub-918358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR