Azərbaycan və Pakistan hərbi münasibətlərin genişləndirilməsi imkanlarını müzakirə ediblər

18:58 14 Yanvar 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq qonaq Şərəf kitabını imzalayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycanı dəstəklədiyi və xalqımızın haqq işinə kömək etməyə hazır olduğu xüsusi qeyd edilib.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətlərini müzakirə edib, döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin artırılmasının vacibliyini xüsusi vurğulayıblar.

Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2480580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR