Bu müəllimlərin maaşı 40% artırılır - RƏSMİ

Bu müəllimlərin maaşı 40% artırılır - RƏSMİ
19:36 14 Yanvar 2016
281 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları 30-40 faiz artırılacaq.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndrimədən keçməyib. Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.

Əməkhaqqı artımının məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılacaq.

Müxtəlif səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və işə yeni qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi 2016-cı il ərzində keçiriləcək. Növbəti mərhələdə isə respublikanın bütün şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Təhsil naziri Mikayıl Cabbarov ötən ilin oktyabr ayında ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının təsdiqi barədə əmr imzalayıb.


Mikayıl Cabbarov - Təhsil naziri

Bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsili idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir.

Diaqnostik qiymətləndirilmənin aparılması nəzərdə tutulan şəhər və rayonların siyahısı Təhsil Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarmaq, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin etmək, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb etməkdir.

Diaqnostik qiymətləndirilməyə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər, iki və daha artıq fənndən tədris aparan müəllimlər cəlb olunurlar.


İmtahan verən müəllimlər

Diaqnostik qiymətləndirilmə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir.

Diaqnostik qiymətləndirilmənin yekunlarına əsasən, qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.

Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.

Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və rayona dəyişərlərsə, həmin müəllimlərə təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR