Naxçıvanlı gənclər hərbi xidmətə yollanıblar

Naxçıvanlı gənclər hərbi xidmətə yollanıblar
19:43 14 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 14 yanvar, AZƏRTAC
“Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il dekabrın 5-də imzaladığı Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən mərasimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov açıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra xidmətin rəisi bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin də maddi-texniki təminatı gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Yaradılmış şərait çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verir. Ordumuzun hərtərəfli hazırlığı tezliklə torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini Elnur İsmayılov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək, əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn İsmayıl İmanov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından çıxış edən Elvin Qasımov Vətənə şərəflə xidmət edəcəklərinə, verilən əmr və tapşırıqları can-başla yerinə yetirəcəklərinə söz verib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, Şahbuz və Sədərək rayonlarında da gənclər hərbi xidmətə yola salınıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanli_gencler_herbi_xidmete_yollaniblar-918528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR