Azərbaycan Obamanın qaynar siyahısında yoxdur

Azərbaycan Obamanın qaynar siyahısında yoxdur
20:31 14 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan prezidentlərinin həmsədrlərlə birgə son görüşü də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətdə irəliyə addım atmağa imkan vermədi. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, bu məsələ ilə bağlı prezident İlham Əliyev ilin yekunları üzrə müşavirədə konkret mövqeyini bildirdi: "Çox təəssüflər olsun ki, hələlik bu istiqamətdə irəliyə müəyyən bir addımın atılmasını müşahidə etmirik. Düzdür, həmsədrlər göstərmək istəyirlər ki, onlar çalışırlar. Amma onların atdığı addımlar, prezidentlərlə həmsədrlərin birlikdə son görüşü də bu istiqamətdə irəliyə addım atmağa imkan vermədi. Çox təəssüflər olsun ki, həmsədrlər irəliyə addım atmaq üçün əllərindən gələni etdiklərini nə qədər çalışıb göstərmək istəsələr də, bu, kifayət deyil və əslində onların atdığı addımların müəyyən bir nəticə verməsi üçün yəqin ki, hansısa komponentlər çatmır".


Novruz Məmmədov - PA rəsmisi

PA rəsmisinin sözlərinə görə, digər tərəfdən, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konkret addımlar atmaq, konstruktiv mövqeyə gəlmək istəmir: "Əslində bu onlara bizdən daha çox lazımdır. Onlar düşünməlidirlər ki, bu cür vəziyyətdə qalmaq mümkün deyil. Biz də, beynəlxalq ictimaiyyət də çox yaxşı başa düşür ki, Ermənistan rəhbərliyi bu gün öz maraqlarına bütün bu prosesləri qurban verirlər".

N.Məmmədov əlavə edib ki, həmsədr ölkələrin rəhbərlərinin də bu məsələyə diqqəti çox da yaxşı deyil: "Yəqin ki, ABŞ Prezidenti Barak Obamanın ötən ilin hesabatı olaraq ölkəyə, millətə müraciətində belə bir cümlə var idi ki, biz dünyanın müxtəlif yerlərində olan qaynar nöqtələrə diqqət yetiririk. Onların da az qala siyahısını vermək istəyirlər. Mən gördüm ki, biz o siyahıda yoxuq. Yəni biz hələ çox aşağı hissədə dayanmışıq. Bu da onu göstərir ki, qaynar nöqtələrin sayı o qədər çoxdur ki, bizə növbə sanki gəlib çatmayıb. Bizim mövqeyimiz ondan ibarətdir ki, müstəqillik qazandığımız dövr dünyada elə bir dövr idi ki, o zaman lazımi, düzgün addımlar, dünyanın yeni sisteminin qurulması üçün qaydalar qoyulub bir qərar qəbul edilsəydi, indiki dünya bəlkə də bu cür olmazdı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bir neçə münaqişənin yaranmasına imkan verilməzdi".


Barak Obama - ABŞ prezidenti

Novruz Məmmədov dünyada baş verən böhranlara toxunub. "Azərbaycan bütün dünyanı ağuşuna alan böhrandan kənarda qala bilməz", - deyən N.Məmmədov ABŞ-ın özündə də müəyyən geriləmənin müşahidə olunduğunu bildirib:

"Amma başqa ölkələrdə daha çox müşahidə olundu. Böhran dünyanın bütün ölkələrini əhatə edir. Şübhəsiz ki, bu, ölkədaxili proseslərə də təsir edir. Bəzi ölkələr bunu müəyyən mənada sakit qarşılayırlar. Azərbaycan bütün dünyanı ağuşuna alan bu böhrandan kənarda qala bilməz. Sadəcə olaraq, anlamaq, başa düşmək lazımdır. Birlikdə səfərbər olsaq, bu vəziyyətdən tezliklə çıxacağıq. Əslində heç bir problem yoxdur. Ətrafdakıları təşvişə salacaq hərəkətlər etmək lazım deyil".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR