Kütləvi zəhərlənmələr niyə artır?

Kütləvi zəhərlənmələr niyə artır?
22:27 14 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Son günlərdə kütləvi zəhərlənmə məsələsi yenidən gündəmə gəlib. Bu yaxınlarda Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda ammonyak turşusunun yerə dağılması nəticəsində bir neçə fəhlə zəhərlənib. Fəhlələrə ilkin təcili yardım göstərilib və onlar bir neçə saat sonra mənzillərinə buraxılıb. Ümumiyyətlə, son zamanlar tez-tez kütləvi zəhərlənmə faktları qeydə alınır. Bu baxımdan istər qida zəhərlənməsi, istərsə də kimyəvi zəhərlənmə faktları xeyli sayda geniş yayılıb. Bəs bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? 

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov "Kaspi"yə açıqlamasında sözügedən zəhərlənmə haqqında məlumat verib: "İstehsalatda ammonyak turşusunun buxarlarından 7 nəfər zəhərlənməyə məruz qalıb. Həmin şəxslərə ilkin təcili yardım edildi və bir neçə saat sonra evlərinə göndərildilər. Belə halların qarşısını almaq üçün istehsalatda təhlükəsizlik qaydalarına maksimum dərəcədə riayət olunmalıdır. Qapalı yerlərdə olan zaman havada oksigen çatışmazlığı və dəm qazından boğulma halları yarana bilər. Bunun qarşısını almaq üçün həmin yerlərin havalandırma sisteminə ciddi nəzarət olunmalıdır ki, belə mənfi hallar yaşanmasın". 

Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, respublikanın əməkdar müəllimi İbrahim Əhmədov qəzetimizə açıqlamasında zəhərlənmələrin sayının artmasının iqtisadi vəziyyətlə də müəyyən dərəcə bağlı ola biləcəyini qeyd etdi: "Zəhərlənmələr müxtəlif cəhətdən təsnifata ayrılır. Onlar mənşəyinə, etimologiyasına, məhsullar qrupuna görə təsnif olunur. İlkin olaraq zəhərlənmənin nədən baş verdiyini təyin etmək çox vacibdir. Zəhərlənmə geniş yayılan və yayıla bilən patologiyadır. Burada əsas səbəblərdən biri də sanitar-gigiyenik qaydaların gözlənilməməsidir. Yeyiniti məhsullarının keyfiyyətinin qeyd olunmaması, onların düzgün şəraitdə saxlanılmaması, eləcə də vaxtı keçmiş qidaların istifadəsi zamanı kütləvi qida zəhərlənmələri baş verə bilər. Bu zəhərlənmələrin fəsadları da müxtəlif şərtlərdən asılıdır. İlk olaraq orqanizmin möhkəmliyi əsas rol oynayır. Toksinə qarşı immunitet yüksəkdirsə, orqanizmin zəhərlənməyə müqavimət göstərməyə imkanları çatacaq və zəhərlənmə yüngül keçəcək. Zəif orqanizmlərdə-xəstələrdə, uşaqlarda, qocalarda zəhərlənmə zamanı bəzən hətta ölüm halları da ola bilər. İkinci növbədə orqanizmə hansı mikrobun nə qədər daxil olması da ciddi rol oynayır. Zəhərlənmənin dərəcəsi hansı məhsuldan - duru, yaxud qatı qidadan, turş, yaxud qələvi mühitdən də asılıdır".

İ.Əhmədov qida zəhərlənməsinin - zəhərlənməyə səbəb olacaq qidaya biganə yanaşma, onun keyfiyyətinə, hazırlanma və saxlanma üsuluna diqqət etmədikdə baş verdiyini bildirdi: "Yediyimiz qidanın tərkibinə və onun saxlanma şəraitinə diqqət etmədikdə zəhərlənmə riski xeyli artır. Xəstə zəhərlənmə zamanı öz-özünü müalicə yollarına əl atılarsa, bu, onun vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Bu zaman ölüm halı olmasa belə, xəstəliyin xroniki hal alması ilə nəticələnə bilər. Natamam müalicə gələcəkdə orqanizmin zəifləməsi, mühitin dəyişilməsi, kəskin xəstəlikdən sonra xəstənin ətrafındakı insanlara real təhlükə riskini artırır. Çünki xəstə həmin mikrobun daşıyıcısı hesab olunur. Zəhərlənmənin simptomları özünü büruzə verməsə də, əlverişli şərait yaranan kimi həmin xəstəlik yenidən baş qaldırır. Belə daşıyıcı insanların əhaliyə xidmət vəzifələrində çalışması cəmiyyət üçün təhlükəlidir". 

Tibb elmləri namizədi Şəmsiyyə Namazlı da bizimlə söhbətində qida və kimyəvi zəhərlənmələrə səbəb ola biləcək məqamları qeyd etdi: "Qida zəhərlənmələri kütləvi və ya fərdi şəkildə olmasından asılı olmayaraq, qidanın hazırlanma texnologiyasından, saxlanma şəraitindən asılıdır. Adətən kütləvi zəhərlənmələr dedikdə şadlıq evlərində qəbul edilən qidalardan və ev şəraitində hazırlanmış turşu məhsullarından olan zəhərlənmədən söhbət gedir. Burada tərəvəz məhsullarının qaynadılması, saxlanılması şəraiti çox mühüm rol oynayır. Elə tərəvəzlər var ki, məsələn, pomidor və badımcanda anerob şəraitdə mikroblar sürətlə inkişaf edir. Belə tərəvəzlərlə zəhərlənmə faktı daha çox qeydə alınır. Həmçinin tərkibində spirt olmayan limonad, meyvə şirələrindən hazırlanmış içkilərdən də zəhərlənmə faktı da geniş yayılıb. Ev şəraitində sterilizə olan məhsullardan zəhərlənmə ehtimalı daha çoxdur. Hər bir mikrobun, yaxud bağırsaq çöplərinin məhv olması üçün müəyyən temperatur lazımdır. Bəzən məhsullar ev şəraitində hazırlananda həmin standartlara cavab vermirlər". 

Ş.Namazlı kimyəvi zəhərlənmənin ən əsas səbəbini təhlükəsizlik qaydalarına əməl edilməməsində görür: "İstehsalat yerlərində, sexdə, zavodlarda çalışan işçilər kimyəvi maddələrdən qorunmaq üçün qoruyucu vasitələrdən, maskalardan, əlcəklərdən, eynəklərdən istifadə etməlidirlər. Çünki zəhərlənmə sadəcə, mədə-bağırsaq sistemi ilə deyil, həm də nəfəs yolları vasitəsi ilə baş verə bilər. İnsan nəfəs aldıqca ağciyərin aerozolları vasitəsi ilə zəhər qana keçir və kimyəvi zəhərlənmə baş verir. Bu da kimyəvi maddənin tərkibindən və dərəcəsindən asılı olaraq, yüngül və yaxud ağır şəkildə ola bilər. Kimyəvi maddə dağılarkən tədricən buxarlanır və onun ionları havaya qalxır. Nəfəs aldıqca həmin ionlar tədricən orqanizmə daxil olaraq bir neçə saat ərzində insanı zəhərləyir. Zəhərlənmənin miqyası isə iş şəraitindən asılı olaraq dəyişir. Adicə hər hansı bir qaynaq işi apararkən nəinki usta, hətta onun yanındakı şəxslər də eynəkdən istifadə etməlidir. Əks halda, həmin şəxslərin gözlərində ağrı, qızartı və sulanma baş verə bilər ki, bu da zəhərlənmənin bir növü olaraq qəbul olunur". 

Zəhərlənmə faktı baş verdikdə mütləq həkimə müraciət olunmalıdır: "Əgər zəhərlənmə yüngül dərəcədədirsə, xəstə ev şəraitində də müalicə oluna bilər. Belə ki, qida zəhərlənməsi zamanı çox mayenin qəbulu, müəyyən ineksiyaların vurulması vasitəsi ilə, kimyəvi zəhərlənmə zamanı isə qapı və pəncərələrin açılması, xəstənin açıq havaya çıxarılması vasitəsilə xəstəyə ilkin tibbi yardım göstərilə bilər. Təbii ki, bu zəhərlənmənin dərəcəsindən asılı olur. Əgər zəhərlənmə kütləvi şəkildə olubsa və zəhərlənən şəxslərdə ürəkbulanma, qusma, başgicəllənmə, təzyiqin aşağı düşməsi, huşun itirilməsi baş verərsə, bu zaman onlar mütləq xəstəxana şəraitində həkim nəzarəti altında müayinə olunmalıdırlar. Bəzən xəstələr gecikmiş formada həkimə müraciət edir. O zaman xəstə artıq huşunu itirmiş vəziyyətdə olur ki, bu zaman onun nədən zəhərləndiyini konkret olaraq təyin etmək çətin olur. Fəsadların olmaması üçün məsləhətdir ki, sinir sistemi iflic olmamış ağırlığından asılı olmayaq ilk növbədə həkimə müraciət olunsun".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da zəhərlənmə faktlarının sayının artmasını, istehlakçılardan gələn şikayətlərin çoxalmasını bildirib: "Yollar üçün nəzərdə tutulmuş, yaxud da dəri aşılanması zamanı istifadə olunan yodlaşdırılmamış duz satışa göndərilir. Bu barədə dəfələrlə aidiyyəti qurumlara məlumat verilsə də, tərkibində ağır metallar olan, təmizlənməmiş duzun satışının qarşısı alınmır. Zəhərlənməyə səbəb ola biləcək bu kimi çoxsaylı məsələlər var". 

E.Hüseynov istehlakçı hüquqlarının qorunmadığı müddətdə zəhərlənmə faktlarının sayının artacağını bildirdi: " Hər gün bazarda ağzı açıq şəkildə turşu məhsulları satılır. Satıcılardan soruşanda isə onlar ekspertizadan rəy aldıqlarını deyirlər. Əslində, belə yalançı yoxlama və ekspertizalara son qoyulmalıdır və ölkədə qida təhlükəsizliyi barədə qanun qəbul edilməlidir. Ölkədə mükəmməl istehlak siyasəti formalaşdırılmalıdır və bunun üçün müstəqil ekspertiza olmalıdır. Kimyəvi zəhərlənmənin qarşısını almaq üçün müxtəlif profilaktik tədbirlər görülməlidir. Bu barədə insanlar məlumatlandırılmalıdır". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR