​“Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirilib

​“Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirilib
02:37 15 Yanvar 2016
55 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 12-də AMEA-nın Tarix İnstitutu və Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirilib.
İnstitutdan "Report"a verilən məlumata görə, konfransda lahiyə rəhbəri, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov çıxış edib.
O çıxışında Azərbaycanın dövlətçilik tarixi, tarixi şəxsiyyətləri, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb. O, Azərbaycanın 5 min illik dövlətçilik tarixinin olduğunu bildirib:
“Azərbaycan xalqının tarixi şəxsiyyətləri və imperiyaları olmadan dünya tarixini təsəvvür etsək, tarix çox kasıb görünər. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıblar”.
Tarixçi-alim Y.Mahmudov Səfəvi hökmdarı Şah Təhmasib (1524-1576) haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Şah Təhmasib 235 illik Səfəvi imperiyasının yaradıcısı Şah İsmayıl Səfəvinin oğludur:
“Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrilib”.
Tarixçi-alimlər tərəfindən konfransda vurğulanıb ki, Şah Təhmasib Səfəvi-Osmanlı müharibələrində sülhə nail olub və o, Avropa elçilərinin Osmanlı dövlətinə qarşı birləşərək müharibə etmək haqqında diplomatik təkliflərini rədd edib.
Şah Təhmasib Səfəviyə həsr olunmuş konfransda daha sonra lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Zabil Bayramlı, Dilavər Əzimli, Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Firudin Abbasov, 21 nömrəli tam orta məktəbin direktoru Ceyhun Bayramlı və başqaları çıxış ediblər.
Qeyd edək ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində müxtəlif orta məktəblərdə layihə çərçivəsində Ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar və Nadir şah Əfşara həsr olunmuş konfranslar keçirilib.





Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/sah-tehmasib-sefevi-movzusunda-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR