Azərbaycan səfirinin xanımının rüşvət qalmaqalı

Azərbaycan səfirinin xanımının rüşvət qalmaqalı
10:01 15 Yanvar 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Latviyadakı səfirinin ailəsi ilə bağlı qalmaqallı məlumat yayılıb. Elman Zeynalovun xanımı Nəzirə Zeynalova rüşvət verməkdə ittiham edilir. Ona qarşı cinayət işi açılıb. Onun işinə Latviyanın Antikorrupsiya bürosu baxır.

Məlum olub ki, diplomatın xanımına qarşı cinayət işinin qaldırılmasına səbəb onun Latviyada sürücülük vəsiqəsini “azərbaycansayağı almaq” cəhdi olub. Belə ki, xanım Zeynalova xüsusi kurs keçmədən və digər formal prosedurlara əməl etmədən sürücülük vəsiqəsini pulla almağa cəhd göstərib. Bu məqsədlə o, Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə müraciət edərək sürücülük vəsiqəsini almaq üçün onlara 500 avro təklif edib.


Səfir Elman Zeynalov


ANS PRESS-in məlumatına görə, virtualaz.org saytının əməkdaşı CSDD-nin İvas və Uldas adlı həmin müfəttişləri ilə telefon əlaqəsi saxlaya bilib. Hər iki müfəttiş səfirin xanımının onlara rüşvət təklif etdiyini təsdiqləyib və başlarına gələnlərdən hələ də təəccüb içində olduqlarını deyib. “Biz dərhal Antikorrupsiya bürosuna zəng vurduq və Azərbaycan vətəndaşı olan xanım saxlanıldı. Tezliklə qadını buraxdılar, ancaq onun işi araşdırılır. İnsident barədə Latviya XİN də məlumatlandırılıb. Təəssüf ki, mən qadının adını deyə bilmərəm”- müfəttiş İvas Karlis deyib.

Qeyd edək ki, Elman Zeynalov 1993-cü ildən diplomatik xidmətdədir. Ukraynadakı səfirlikdə və XİN-in mərkəzi aparatında işləyib. 2005-ci ildə Bolqarıstanda səfir olub, daha sonra Latviyaya təyin edilib. Azərbaycan XİN-dən bu insidentə şərh almaq mümkün olmayıb.

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov səfir olduğu ölkədə həyat yoldaşı Nəzirə Zeynalovaya cinayət işi açılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, E. Zeynalov APA-ya açıqlamasında bildirib ki, həyat yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib: "Bütün mərhələləri özü keçəndən sonra əməkdaşa 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq verib. Yəni vəsiqə müqabilində yox, sadəcə sonda, hər şeyi özü yerinə yetirəndən sonra Yeni İl hədiyyəsi kimi təqdim edib. Bu hər yerdə, eləcə də burda adi haldır. Sadəcə o məmur görüb ki, bu səfir xanımıdır, qorxuya düşüb nədirsə götürüb öz idarələrinə bunu rüşvət kimi təqdim edərək məlumat verib. Onlar da buranın Xarici İşlər Nazirliyinə məlumat veriblər. Buranın XİN-i isə mənə bunu təəssüflə bildirdilər ki, “heyif ki, o məmur bunu belə anlayıb” və mənə buna görə narahat olmamağımı bildiridlər. Çünki onlar mənim fəaliyyətimi çox yaxşı bilirlər. Burada hər şey açıq-aşkar bilinir".

Səfir qeyd edib ki, onun xanımı ilə bağlı cinayət işi açılması barədə xəbər həqiqəti əks etdirmir: "Diplomatlarla və onların ailəsi ilə bağlı müvafiq konvensiyaya görə cinayət işi açıla bilməz. İkincisi isə burada bu hala görə cinayət işi açılmır, ən azı onun açılması üçün bu yetərincə sübut sayılmır. Çünki xanımımın sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları özünün verdiyi rəsmən təsdiqlənmişdi, onlar tərəfindən bu qeydə alınmışdı. Yəni pul, özü də elə az miqdarda hədiyyə şəklində verilən pul vəsiqəni almaq üçün təklif olunmayıb”.

Elman Zeynalov qeyd edib ki, o, səfir kimi fəaliyyətində həmişə diqqətli və həssas olub: “Mən indi buranın da qanunlarını bildiyim halda heç belə addıma yol verə bilərəmmi? Ona görə də məlumatları yazarkən mənimlə əlaqə saxlamaq daha yaxşı olardı. Mən vətənimin və dövlətimin keşiyində, onun adı ilə həmişə şərəflə, qürurla xidmət etmişəm”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR